Azərbaycan-Çin münasibətləri yeni mərhələdə uğurla davam etdirilir
Digər xəbərlər

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə uğurla davam etdirilir

Dövlətimizin xarici siyasətində dünya, o cümlədən Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Dünyada cərəyan edən hadisələr fonunda Azərbaycanın yürütdüyü uğurlu müstəqil siyasət respublikamıza olan marağı daha da artırır.

Dövlətimizin xarici siyasətində Azərbaycan-Çin əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Çin regionun lider ölkələrindən biri kimi Azərbaycanla münasibətlərin inkişafına önəm verir, ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etməsinə çalışır. Ölkəmiz də Çinlə faydalı əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulması isə 1992-ci ilin 2 aprel tarixinə təsadüf edir.

Bu gün Azərbaycan ilə Çin arasında ticarət, iqtisadi, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq yüksək səviyyədə inkişaf edir.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, qarşılıqlı münasibətlərin inkişafında ölkə başçılarının səfərləri və onlar arasında baş tutan görüşlər mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfərinin reallaşması ölkələr arasında ikitərəfli münasibətlərin əsasını qoyub. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində keçirilən "Bir kəmər, bir yol" Forumunda Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırıb. Dövlət başçımızın bu il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı dostluğun, qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunun təzahürüdür: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik". Prezident İlham Əliyev, həmçinin bildirib ki, biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.

 Məlumdur ki, iki ölkə arasında iqtisadi əlaqələr də inkişaf edib. Dövlətimizin "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışının baş tutması ilə bir daha təsdiqləndi. Çin də, öz növbəsində, "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini və yolun tikintisində Azərbaycanın rolunu yüksək qiymətləndirib. "Bir kəmər, bir yol" layihəsi hazırda böyük coğrafiyanı əhatə edir. Ölkəmiz hələ ilk vaxtlardan bu təşəbbüsə fəal şəkildə qoşulub və layihənin reallaşmasına investisiya yatırıb. Digər bir mühüm məsələ Azərbaycanın Cənubi Qafqazda Çinin ən böyük ticari tərəfdaşı olmasıdır. Ölkəmiz Çin ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq həyata keçirir. Çin rəsmiləri "Bir kəmər, bir yol" strategiyası üçün Azərbaycanın vacib ölkə olduğunu daim bəyan edirlər. Bundan başqa, Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində də əməkdaşlıq mövcuddur. Çünki ölkəmizdə bu sahədə böyük potensial və Çindəki böyük texnoloji nailiyyətləri nəzərə alsaq, əməkdaşlığın əhəmiyyətini bir daha görərik.

Prezident İlham Əliyev iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində demişdir: "...Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir".

Beləliklə, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini şaxələndirmək üçün böyük potensial var. Bu isə gələcəkdə Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə zəmin yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".