Azərbaycan hərb tarixinin görkəmli sərkərdəsi
Tarixi şəxsiyyətlər

Azərbaycan hərb tarixinin görkəmli sərkərdəsi

Azərbaycanın hərb tarixinə tanınmış generallar bəxş edən Naxçıvanskilər nəslinin görkəmli nümayəndəsi olan Cəmşid xan Naxçıvanskinin doğum günüdür. O, bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tariximizə dəyərli töhfələr verib.

Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1895-ci ilin avqustunda Naxçıvan şəhərində anadan olub. Cümhuriyyət Ordusunun zabiti, diviziya komandiri olan Cəmşid Naxçıvanski zəngin fəaliyyətində babaları Kalbalı xan, Ehsan xan, İsmayıl xan və Hüseyn xanın sərkərdəlik bacarıqlarını yüksək məharətlə davam etdirib. Cəmşid xan 1911-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib. O, 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, II, III, IV dərəcəli Anna, II dərəcəli Stanislav ordenlərinə layiq görülüb.

Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda da inamla vuruşub, onun Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda böyük xidmətləri olub. AXC-nin hərbi rəhbərliyinə C.Naxçıvanski kimi əsilzadə, sadiq, Vətəni uğrunda canından keçməyə hazır olan milli-hərbi kadrlar lazım idi. Rusiyada baş verən inqilablar böyük çar ordusuna da təsirsiz ötüşmürdü. Cənub-Qərb cəbhəsinin dağılmasından sonra Cəmşid Naxçıvanski komandiri olduğu süvari alayı ilə birlikdə Vətəninə dönüb və təcrübəli zabit kimi AXC-nin möhkəmlənməsi uğrunda mübarizəyə qoşulub. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu, milli qoşun hissələri, Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin və ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrinin Bakıdan çıxarılmasında, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsində inamla döyüşüb. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.

Cəmşid Naxçıvanskinin Azərbaycanın ilk milli diviziyasını yaratması xüsusilə təqdirəlayiqdir. 1921-ci ildə bütün bilik və bacarığını ortaya qoyaraq Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaradan Cəmşid Naxçıvanski 10 sentyabr 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli diviziyasına komandirlik edib. O, bu on il ərzində dövlətin silahlı qüvvələri üçün əvəzsiz işlər görüb, Cənubi Qafqazda ilk dəfə olaraq hava hücumundan kimyəvi vasitələrlə müdafiəni təşkil edib. Məşhur hərbi xadim Mixail Vasilyeviç Frunze Naxçıvanskinin komandanlığı altında keçirilən təlimləri şəxsən izləyib və çox yüksək qiymətləndirib. Sıra və döyüş hazırlığı ilə yanaşı, diviziyanın siyasi-ideoloji hazırlığının da möhkəmləndirilməsi üçün "Hərbi bilik" jurnalını təsis edib və dərginin redaktoru olaraq ən aktual mövzularla çıxış edib. Qeyd etmək lazımdır ki, onun bacarıqlı hərbi rəis kimi yetişməsində tanınmış hərbi xadimlərdən Səməd bəy Mehmandarovun və Əliağa Şıxlınskinin böyük rolu olub. Bu məşhur sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutub.

O, xan əsilli olduğu üçün Kommunist Partiyasının sıralarına qəbul edilməyib, daim təqib olunub. Cəmşid Naxçıvanskiyə 5 dekabr 1935-ci il tarixində kombriq, yəni, general hərbi rütbəsi verilib. XX əsrin 30-cu illərinin sonlarında "qırmızı terror"un geniş "vüsət" aldığı bir dönəmdə diviziya komandiri Cəmşid Naxçıvanski repressiyaya məruz qalıb. Məşhur Lefortovo həbsxanasının divarları arasında 97 gün ağır işgəncələrdən sonra güllələnib. 43 illik həyatının 26 ilini hərb sənətinə həsr edən sərkərdə ömrünün ən parlaq çağında qırmızı terrorun qurbanı olub.

1971-ci il iyunun 23-də C.Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış hərbi təmayüllü məktəb yaradıb. Məhz Ulu Öndərin qətiyyəti ilə SSRİ hökumətinin bu məktəbin yaradılmasına birmənalı etirazı dəf edilib. Məktəbə "qırmızı terror"un qurbanı olan Cəmşid xan Naxçıvanskinin adının verilməsi də cəsarətli, tarixi bir hadisə idi. Bu məktəbin yaradılması təkcə hərbi təhsil məsələsi deyildi, Azərbaycanın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə inamın təntənəsi, uzaqgörən təşəbbüs idi. Ocaq min illərdi Azərbaycan mühitində necə müqəddəs hesab edilibsə, xalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi" adlandırdığı bu hərbi təhsil ocağı da eyni səviyyədə ziyarətgaha çevrilib. Vaxtında atılmış cəsarətli bir imza bütöv bir nəslin taleyini dəyişib. Bu gün Azərbaycanda Naxçıvanskiləri tanımayan və sevməyən yoxdur. Bu gün Cəmşid xanın xatirəsi ehtiramla yad edilir.

Nuranə DAXİLQIZI,

"Respublika".