Qalib ölkənin sərhədçiləri
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ilini yüksək əhvali-ruhiyyə və qürur hissi ilə qarşılayırlar.
Bu münasibətlə təşkil olunmuş tədbirdən öncə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Sonra Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim Dövlət Sərhəd Xidmətinin aparatında davam etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik etmişdir.
Qeyd edilmişdir ki, dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçiləri 44 günlük haqq savaşında da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmiş, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmış, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər.
Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmış, “Açıq səma” adlı bu döyüş əməliyyatının xüsusilə vacib olması qeyd olunmuşdur. Həmçinin, qürur hissi ilə vurğulanmışdır ki, Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin döyüş məharəti Müzəffər Ali Baş Komandan tərəfindən xüsusi qiymətləndirilmiş, döyüşlərdə fərqlənən sərhədçilərə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, orden və medallarla təltif olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin yaradıcısı ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşmışlar.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.