Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsindəki qurumları arasında əməkdaşlıq müzakirə olunub
Digər xəbərlər

Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsindəki qurumları arasında əməkdaşlıq müzakirə olunub

Aprelin 14-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında olub.

Bakı Limanından AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanının regional əlaqələrin qurulmasında fəaliyyəti, icra edilən və perspektiv layihələr barədə məlumat verilib. Görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb, Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından bəhs edilib.

Nümayəndə heyəti Bakı Limanının terminallarına səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar .

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizdə səfərdədir və aidiyyəti strukturlarla görüşlər keçirirlər.