Azərbaycanın Milli Qəhrəmanının adı əbədiləşdirilib
Türk dünyası

Azərbaycanın Milli Qəhrəmanının adı əbədiləşdirilib

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün onun adına məktəblər açılır, parklar salınır. Milli Qəhrəmanımızın adı verilmiş gəmi bu gün dünya sularında üzür.

Bu günlərdə isə M.İbrahimovun adı İğdır şəhərindəki Topçular məhəlləsində fəaliyyət göstərən "Şuşa" adlı yeni məktəbəqədər təhsil müəssisəsində əbədiləşdirilib. Belə ki, təhsil müəssisəsindəki sinif otaqlarından birinə Milli Qəhrəmanımızın adı verilib. Bununla bağlı sinif otağının açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində İğdır valisinin köməkçisi Abdulkadir Şahin, TÜRKAV-ın İğdır vilayətinin rəhbəri Kurban Parlar, şəhər Təhsil Şöbəsinin müdiri Servet Canlı və digər rəsmi şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Kurban Parlar Mübariz İbrahimovun keçdiyi ömür yolundan bəhs edib: "Bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə, təkcə onun doğulub boya-başa çatdığı Azərbaycanda deyil, bütün türk dünyasının hər yerindən görünür. Çünki o zirvə müqəddəs bir zirvədir - Şəhidlik Zirvəsi! Bu zirvəyə gedən yol isə kiçik bir kənddən başlayıb. Mübariz 1988-ci il fevralın 7-də dünyaya göz açıb. O, vətənpərvərlik ruhunda tərbiyə alıb. Onun üçün Vətən hər şeydən üstün, qiymətli olub. Adı kimi mübariz olub və ona qoyulan adı doğruldub. Adı türk tarixinə yazılıb. Hər dəfə sevgidən söz düşəndə deyərmiş: "Mənim vurğunu olduğum öz Vətənimdir! Vətən torpağı düşmən tapdağındadırsa, yaşamağın nə faydası var. Hərənin öz yolu var! Mən yolumu seçmişəm. Düşməndən qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən. Bax, budur Vətən sevgisi, torpaq sevgisi".

Bu gün bizim əsas vəzifəmiz, tarixdən bu günümüzə qədər türk coğrafiyasında şəhidlərimizin qanları ilə sulanan, bizə əmanət edilən bu müqəddəs topraqlara sahib çıxıb qorumaq və bizdən sonrakı nəsillərə də eyni şəkildə ötürməkdir. Biz Ulu Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" şüarıyla yola çıxaraq Mübariz İbrahimovun adı verilmiş bu sinfi ''Tək millət, iki dövlət'' düsturuyla davam etdirəcəyik. İnanıram ki, burada təhsil alacaq şagirdlər vətən, millət sevgisinin nə qədər qiymətli olduğunu başa düşəcəklər və bu sevgi ilə təhsil almaları üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Çıxış edənlər cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimovun qəhrəmanlığından danışıblar. Natiqlər qeyd ediblər ki, artıq Mübarizin canından artıq sevdiyi torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.