AZƏRBAYCANIN TƏRƏQQİSİNİ, PARLAQ GƏLƏCƏYİNİ TƏMİN EDƏN QALİB LİDER
Siyasət

AZƏRBAYCANIN TƏRƏQQİSİNİ, PARLAQ GƏLƏCƏYİNİ TƏMİN EDƏN QALİB LİDER

Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, fövqəladə dəyişikliklərin şahidinə çevrilən insanlar baş verən hadisələrin həqiqi miqyasını dəyərləndirmək imkanı da qazanırlar. Və sonra istər-istəməz belə bir qənaət yaranır ki, insana bəxş olunmuş, onun səciyyəvi xüsusiyyətinə çevrilmiş quruculuq, yaradıcılıq, qalib gəlmək istedadı hər kəsə verilmir.

Bir çox hallarda zərif və mahir loğman adlandırdığımız zaman bəzən bizi keçmişə nəzər salmağa vadar edir. Azərbaycanın son 19 ilinin ötən günlərinin ətraflı təhlili hər birimizi onun mübarizə aparmaq bacarığı və qalib gəlmək məharəti ilə tanış edir. XXI yüzillikdə şahidlik etdiyimiz bu möhtəşəm mübarizənin və zəfər salnaməsinin tək nümunəsi - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.

2003-cü ilin oktyabrında, növbəti prezident seçkiləri ərəfəsində ümummilli lider öz siyasi davamçısı cənab İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Yüksək inkişaf templəri və innovativliklə səciyyələnən XXI əsrin postsənaye dövrü səhv etmək, yanlış qərar vermək imkanı tanımır. Ona görə də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin başladığı işi yeni şəraitdə davam etdirməyə imkan verə biləcək düzgün seçim etməli idi. Və bu seçim edildi - 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildi.

Cənab İlham Əliyevin həll etməli olduğu vəzifələr irimiqyaslı idi. Bunlar Heydər Əliyevin fəaliyyətinin nəticələri - dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, yüksək iqtisadi artım templərinin təmin edilməsi və yeni iş yerlərinin açılması, xalqın sosial rifah səviyyəsinin yüksəldilməsi, dövlət müstəqilliyinin bərpası yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə müəyyən edilirdi. Həmçinin milli maraqların təmin edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası da xüsusi önəm kəsb edirdi.

Qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötrü dövlət başçısı, ilk növbədə, bütün ölkə vətəndaşları üçün də anlaşılan, sadə və eyni zamanda son dərəcə effektiv dövlət idarəçiliyi sistemini yeniləməli, yeni əsrin çağırışlarına uyğun formalaşdırmalı idi.

Təkzibolunmaz həqiqətdir ki, yeni minilliyin əvvəllərində Azərbaycanın üzləşdiyi çağırışlar dövlət başçısı cənab İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün xüsusi, bəlkə də müstəsna bacarıqlar tələb edirdi. Heydər Əliyevin prezidentlik dövrünün tarixi göstərir ki, Azərbaycan şəraitində transformasiyalar təkamül və düşünülmüş inkişafa əsaslandığı halda səmərə verə bilər.

Qloballaşma prosesləri şəraitində qarşıda duran genişmiqyaslı inkişaf planlarını yalnız həqiqi siyasi liderlik keyfiyyətlərinə malik müdrik şəxsiyyət həyata keçirə bilərdi.

XXI əsrin əvvəllərinin reallıqları, dövl

ətimizin inkişafının yeni mərhələsində qarşıda duran mürəkkəb vəzifələr tamam başqa düşüncə tərzinə və idarəetmə qabiliyyətinə malik, müasir, zamanın fövqündə dayana biləcək bir siyasi lider tələb edirdi. Bu lider əvvəlki dövrlərdə olduğundan daha mürəkkəb vəzifələri yerinə yetirməli idi. O, öz nümunəsi ilə xalqı əməli işlərin yerinə yetirilməsinə, yeni-yeni qələbələrin əldə olunmasına səfərbər etməyi bacarmalı idi. O, xalqı birləşdirmək, onun yaradıcı və vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək üçün öz nüfuzu, sözü və əməlindən istifadə etməli idi. Məhz cənab İlham Əliyev sübut etdi ki, yeni siyasi lider namizədliyi irəli sürüləndə deyil, dövlət maraqlarının onun əməli işinə çevriləcəyinə əmin olduqdan sonra vətəndaşların əksəriyyəti tərəfindən qəbul edildikdə ictimai nüfuz, sevgi və təkzibolunmaz dəyər qazanır. Bu isə siyasi liderin dünyagörüşündən, əqli qabiliyyətindən və əməli fəaliyyətindən, Vətənin taleyi qarşısında məsuliyyətindən, əməli ideyalarının insanların ruhuna təsir dərəcəsindən asılıdır. Bunun da Azərbaycan üçün yeganə nümunəsi Prezidentimiz cənab İlham Əliyevdir.

Ötən 19 il göstərdi ki, dövlətimizin başçısı siyasi və iqtisadi varislik, rəvan, sabit inkişaf və Heydər Əliyevin əvvəlki on ildə əldə etdiyi tarixi uğurların, nailiyyətlərin daha da artırılması yolunu seçib. Azərbaycan xalqı öz xilaskarı Heydər Əliyevin siyasi irsinə sadiq qaldı. Məhz bunun sayəsində ölkə dinamik inkişafını davam etdirirdi. Əlavə tədbirlərin həyata keçirilməsi, daxili siyasət və ictimai həyat sferasında xalqımızın yüksək etimadının qazanılması sayəsində prezidentlik institutu gücləndirildi. Xüsusilə qeyd etmək lazımdır ki, son bir neçə il ərzində aparılmış dərin və genişmiqyaslı islahatlar sayəsində dövlət qurumlarının hüquqi və təşkilati cəhətdən konsolidasiyasına nail olunmuşdu ki, bu da Azərbaycanda təkcə sabitliyin bərqərar olmasını təmin etmədi, həm də son iki əsrdə ən mühüm tarixi Zəfərimizi - erməni işğalçıları və faşistləri üzərində möhtəşəm Qələbəmizi əldə etməyə yol açdı. Dağıdıcı müxalifətin ölkədə xaos və qanunsuzluq mühiti yaratmaq, bununla da respublikada normal həyat, quruculuq mühitini pozmaq cəhdləri də iflasa uğradı. Azərbaycan xalqı öz müdrik lideri, ordusu ətrafında sıx birləşdi, son illər ərzində topladığı potensialını 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün Qarabağ problemi tarixin arxivinə göndərildikdən sonra biz ölkəmizin keyfiyyətcə və mahiyyətcə yeni, hərtərəfli inkişaf magistralına inamla qədəm qoyduğunu əminliklə deyə bilərik.

Dünyada baş verən son hadisələr yeni minilliyin üçüncü onilliyinin beynəlxalq ictimaiyyətin, xalqların həyatının bütün sahələrini əhatə edən ciddi dəyişikliklərindən xəbər verir. Yeni cəmiyyətin formalaşması problemlərinin həllində əvvəlki yanaşmalar artıq işə yaramır. Güclü inkişafı stimullaşdırmaq üçün yeni innovativ üsullara və mənbələrə ehtiyac var. Davam edən qlobal dəyişikliklər Azərbaycan dövlətindən, hətta ayrı-ayrı vətəndaşlarımızdan ölkəmizin rəqabət qabiliyyətini təmin edə biləcək təşkilatçılıq, nizam-intizam və səmərəli iqtisadi formaların axtarışını tələb edir.

Bu məqsədlərə çatmağa kömək edə biləcək yeganə aparıcı qüvvənin nümunəsi - dövlətimizin başçısı cənab İlham Əliyevdir. Son 19 il sübut etdi ki, prinsipial, qətiyyətli, səmimi, vətənpərvər, müzəffər lider kimi məhz cənab Prezident öz nüfuzu və istedadı sayəsində xalqımızın intellektual səviyyəsini, yaradıcılıq qabiliyyətini yeni dəyişikliklərə uyğun olaraq səfərbər etmək iqtidarındadır.

Beləliklə, Azərbaycanın inkişafında 2003-cü ilin oktyabrından başlayan yeni mərhələnin mahiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev innovativ texnologiyalar əsasında ölkənin ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəetmə sistemini formalaşdırmağa başlayıb. Düşünülmüş iqtisadi siyasət sayəsində hazırda Azərbaycan öz inkişafında böyük irəliləyiş əldə edib, neftdən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. İqtisadiyyatın şaxələndirilməsində mühüm irəliləyişlər əldə edilib. Dövlət sahibkarlığa, aqrar-sənaye kompleksinə ciddi köməklik göstərir. Ən əsası isə odur ki, Azərbaycan ərzaq məhsullarının əksər növləri üzrə özünü təmin etmək səviyyəsinə çatıb. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri və idarəçilik istedadı sayəsində Azərbaycan sosial dövlət kimi mövqelərini xeyli möhkəmləndirib. Mahiyyət etibarilə bu, güclü ordusu, düşünülmüş və praqmatik xarici siyasəti olan qüdrətli dövlətdir. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür. Azərbaycanın müasir panoramı, gerçək mənzərəsi - böyük inkişafın geniş vüsətidir. Halbuki, cəmiyyətin güclü, nüfuzlu, xalqı arxasınca apara biləcək siyasi liderinin olmadığı halda belə yüksək nəticələr əldə etmək mümkünsüzdür. Şübhəsiz, Azərbaycanın ümumi inkişafını qabaqcadan müəyyən edən bütün amillər sırasında bu, ən önəmli və həlledici faktordur.

Prezident cənab İlham Əliyevin müasir dövrdə Azərbaycan xalqının əsl lideri olduğunu təkcə müxtəlif siyasi-analitik mülahizələr, təhlillər və obyektiv müşahidələr deyil, ilk növbədə, dövlət başçımızın əməli fəaliyyətinin nəticələri sübut edir. Müasir Azərbaycanın inkişaf tarixini öyrənən nəsillər XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında mühüm rol oynayan cənab İlham Əliyevin Azərbaycan xalqının yüksəlişində, qalib xalq statusuna sahiblənməsində, milli qürurumuzun bərpasında, dövlət-xalq-ordu vəhdətinin möhkəmlənməsində tarixi rolunu qeyd edəcəklər. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının, bu gözəl məmləkətdə yaşayan bütün millətlərin nümayəndələrinin məhəbbətini və dərin hörmətini qazanmışdır. Prezidentlə xalqın bu qarşılıqlı hissləri böyük Liderimizə əlavə güc və əminlik verir. Azərbaycanın tərəqqi yolu asan olmasa da, düzgün və alternativsiz yoldur. Hər bir vətənpərvər insan yaxşı bilir ki, Azərbaycan xalqını daha gözəl gələcəyə aparacaq yeganə lider cənab İlham Əliyevdir.

Emin QASIMOV,

"Respublika".