Öz gözündə tiri görməyən Fransa...
Siyasət

Öz gözündə tiri görməyən Fransa...

Dünyanın böyük müstəmləkə dövlətlərindən biri olan, işğal etdiyi ərazilərdə yüz minlərlə insanın həyatına son qoyan Fransanın keçmişi bütün dünyaya məlumdur.

Hələ XVI-XVII əsrlərdə Qərbi Afrikanın Benin Respublikasında fransız tacirləri qul ticarəti ilə məşğul olmuş, 1893-cü ildən Benin Fransanın müstəmləkəsinə çevrilmiş, 1904-cü ildən isə fransız Qərbi Afrikasının tərkibinə daxil edilmişdir. Qərbi Afrikada Burkina Faso dövləti XIX əsrin sonlarında fransızlar tərəfindən işğal olunmuş, 1946-1954-cü illərdə Fransa Hind-Çində olan müstəmləkələrini əldə saxlamaq üçün Birinci Hind-Çin müharibəsini başlatmışdır.

Korsika adasında yaşayan 350 mindən çox insana fransızların etdiyi zülmlər, işğalçılıq əməlləri isə bu ölkənin müstəmləkəçilik tarixinin silinməyən səhifəsidir. 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Fransanın tabeliyinə keçmiş Korsikada yaşayan adalılar daim müstəqillik qazanmaq uğrunda mübarizə aparmış, dövlətə qarşı silahlı müqavimət göstərmiş, fransız deyil, fərqli dinə, dilə, mədəniyyətə, milli dəyərlərə sahib olduqlarını bildirmişlər. Lakin korsikalıların muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, "Korsika dili"nin Fransa Konstitusiyasında rəsmi dil kimi təsbit olunması kimi tələbləri yerinə yetirilməmiş, hüquqları təmin olunmamışdır. Bu gün ada əhalisinin təxminən 70 faizi korsikalı olsa da, məktəblilərin yalnız çox az bir hissəsi öz ana dilini öyrənə bilir.

Müstəqilliyini tələb edən korsikalılar rəsmi Paris tərəfindən terrorçu adlandırılırlar. Bu günlərdə 700-ə yaxın korsikalı müstəmləkəçiliyə qarşı mübarizədə müstəqillik tərəfdarlarını özündə birləşdirən, yeni yaradılan "Nazione" hərəkatının təsis yığıncağını keçiriblər. Bundan iki gün sonra hərəkatın fəalları yanvarın 30-da Borgu hərbi düşərgəsində nəzarət altına alınıb, onların ailə üzvləri Fransa polisi tərəfindən qeyri-qanuni olaraq saxlanılıb. Polisin axtarış və əməliyyat qrupunun öz istəklərini azad şəkildə ifadə edən fəalları saxlamaq üçün keçirdiyi əməliyyat zamanı evlərin qapılarını sındırması, övladlarının gözü qarşısında valideynlərinə zor tətbiq etməklə nəzarətə götürməsi özünü demokratiyanın mərkəzi adlandıran bir ölkənin insan hüquqlarını necə müdafiə etdiyini heç bir izaha ehtiyac olmadan aydın şəkildə göstərir. Tarix boyu öz azadlığı, müstəqilliyi uğrunda mücadilə etmiş korsikalıların gözünü qorxutmağa çalışan Fransa hökuməti bununla ədalət və insan hüquqları prinsiplərinə hörmət etmədiyini, müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinmədiyini bir daha sübut etdi.

Müstəmləkəsi altında saxladığı xalqın sərbəst toplaşmaq azadlığını, öz istəklərini açıq ifadə etmək hüququnu əlindən alan Fransa bu gün böyük "humanistliklə" "məzlum" erməni xalqının haqlarının müdafiəçisi kimi çıxış edir, ədalətdən dəm vurur. Vaxtilə işğal etdiyi ölkələrin 10 milyondan çox əhalisinə muxtariyyət belə verməyən, Korsika dilinə qadağa qoyan, etnik azlıqlar konsepsiyasını qəbul etməyən müstəmləkəçi başqa dövlətin vətəndaşlarına "can yandırır". Haqqı, ədaləti bərpa edən, müstəqilliyini, suverenliyini qoruyan, erməni işğalçılarından ərazilərini təmizləyən Azərbaycanı işğalçılıqda günahlandırır. Saxta "erməni soyqırımı"nı tanıyır, Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını deyərək əsassız ittihamlar irəli sürür, Azərbaycana qarşı ikiüzlü, riyakar və qərəzli münasibət nümayiş etdirir. Fransa Respublikası Senatı və Milli Assambleyası ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini", "Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını", "Ermənistana humanitar yardımın artırılmasını" və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamələr qəbul edir. Cənubi Qafqazda sülhü, əmin-amanlığı deyil, erməni separatizmini dəstəkləyən Fransa geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasətini regionda tətbiq etməyə çalışır.

Lakin bir müddət əvvəl irqi, dini, etnik ayrı-seçkilik zəminində bir gəncin polis tərəfindən güllələnməsi, bu səbəbdən küçələrə axışan etirazçıların fiziki hücumlara məruz qalması, bu gün öz azadlığını istəyən dinc vətəndaşlara polisin təzyiq göstərməsi kimi saysız-hesabsız faktlar dünyaya demokratiya "dərsi keçən", özünün bu dəyərlərə sahib olduğunu göstərməyə çalışan Parisin insan hüquq və azadlıqlarından xəbərsiz olduğunu sübut edir. Amma bütün bunların fonunda öz gözündə tiri görməyən Fransa başqasının gözündə çöp axtarır.

Mehparə ƏLİYEVA,

"Respublika".