Neokolonializm tərəfdaşlığın müasir fransız üslubudur
Siyasət

Neokolonializm tərəfdaşlığın müasir fransız üslubudur

Noyabrın 1-də Fransa prezidenti E.Makron Qazaxıstana səfər edib. Rəsmi açıqlamaya görə, görüşdə ticari-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi məsələlərinə toxunulacaq. Fransanın məqsədi nüvə sənayesi sahəsində Qazaxıstanla əməkdaşlığı dərinləşdirməkdir. Bu məsələ, xüsusilə indi, uzun illər Fransanın əsas uran tədarükçüsü olan Nigeriyadakı çevrilişlərdən sonra aktuallaşıb.

Rusiya Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko açıqlamasında Fransa prezidentinin maraqları və məqsədləri barədə danışıb:

- Fransa prezidenti Makronun Mərkəzi Asiyanın ən mühüm iki ölkəsinə - Qazaxıstan və Özbəkistana səfər etməkdə əsas marağı Fransanın nüvə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən uran filizinin tədarük imkanlarını tapmaqdır. Bildiyiniz kimi, Fransa Afrikada öz mövqeyini itirdi, burada yırtıcı müstəmləkəçilik siyasəti nəticəsində demək olar ki, bütün əhalini özünə qarşı çevirdi. Biz son bir neçə ildə antifransız və antikolonial etirazların şahidi olduq, bunun nəticəsində fransız qoşunları əvvəllər yerləşdikləri bir sıra ölkələrdən çıxarıldı. Bundan əlavə, Fransa bir sıra Afrika ölkələrinin uran mədənlərinə də çıxışını itirdi. Bu şəraitdə Mokronun baxışları indi postsovet məkanına yönəlib. Təbii ki, bu gün Mərkəzi Asiya ölkələrinin hər biri iqtisadi tərəfdaşlar seçməkdə, müəyyən irimiqyaslı layihələri həyata keçirməkdə müstəqil və suverendir. Lakin unutmaq olmaz ki, Fransa müasir dövlətlərlə münasibətlərini sırf müstəmləkə tərzində yürüdür.

Hesab edirəm ki, bu gün Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı bunu bizə unutdurmayacaq. Buna görə də istənilən müqavilələrdə fransız tərəfdaşların müəyyən iqtisadi öhdəlikləri pozması halında ciddi sanksiyalar rejimi də nəzərdə tutulmalıdır. Bundan əlavə, Fransa fəal şəkildə postsovet məkanında kəşfiyyat diplomatiyası sayəsində, nüfuzetmə yolu ilə sabitliyi pozmağa çalışır. Məsələn, Ermənistanın vəziyyətini aktiv şəkildə sarsıtdığı Cənubi Qafqaz regionunda İrəvanı Parisin siyasi və iqtisadi maraqlarının itaətkar icraçısına çevirmək istəyir. Bir daha vurğulayım ki, Fransa nəinki keçmişdə müstəmləkə hücumları ilə məşhurlaşan, hətta prezident Makronun özünün dövründə də eyni siyasəti həyata keçirən ölkədir.

Buna görə də Parislə münasibətlər quran istənilən suveren ölkə, əlbəttə ki, mümkün riskləri ölçüb-biçməli və ilk növbədə öz milli maraqları əsasında hərəkət etməlidir. Neokolonializm tərəfdaşlığın müasir fransız üslubudur və öz milli maraqlarına, ölkələrinin milli təhlükəsizliyi maraqlarına məhəl qoymayanlar üçün Parislə tərəfdaşlıq əlaqələri qurmaq çox şeyə gətirib çıxara bilər.

“Respublika”.