Azərbaycanın xarici işlər nazirinin Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində görüşləri
Siyasət

Azərbaycanın xarici işlər nazirinin Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində görüşləri

Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi / Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrell ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib.

Xarici işlər naziri Ceyhun Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb.

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin sədrliyi ilə keçirilən görüşdə, eyni zamanda, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi, Avropa İttifaqı üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri iştirak edib.

Azərbaycanın Aİ-Mərkəzi Asiya Strategiyasına uyğun olaraq regional nəqliyyat, enerji və rəqəmsal əlaqəni artırmaq məqsədilə Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlığı, o cümlədən onların müvafiq ŞT tədbirlərində potensial iştirakını tam dəstəklədiyi və təşviq etdiyi bildirilib.

Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaraq, bəzi Aİ üzv dövlətləri tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu, Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi daha sabitliyi pozan təşəbbüslərinin Aİ-nin "tərəfsiz vasitəçi" kimi etibarına və ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə xələl gətirdiyi bildirilib. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istismar etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədləri ilə uzlaşmadığı diqqətə çatdırılıb.

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü

Dekabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ceyhun Bayramov dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini vurğulayıb, bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyini diqqətə çatdırıb.

Nazir Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil olunmasının nəzərdə tutulduğu bildirilib.

UNESCO-da Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə qəbul edilib

Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş "Minaların mədəni irsə təsiri" mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.

Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.

Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımların atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.