Baykal-Amur Magistralının tikintisində Heydər Əliyevin rolu
Digər xəbərlər

Baykal-Amur Magistralının tikintisində Heydər Əliyevin rolu

Düz yarım əsr əvvəl SSRİ adlanan nəhəng ölkə rəhbərliyi tərəfindən təbii ehtiyatlara malik olan Sibir və Uzaq Şərqi birləşdirəcək Baykal-Amur Magistralının tikintisi barədə qərar qəbul edilməsi ittifaqda böyük əks-səda doğurmuşdu. Magistral təkcə ölkəyə misilsiz sərmayə gətirəcək əhəmiyyətinə görə deyil, həm Sakit Okean regionu, həm də Avropa ölkələri arasında ən qısa marşrut olacaqdı. Bu isə onun əhəmiyyətini daha da artırırdı. Bəs necə?! Belə ki, bu əzəmətli layihə Sibir və Uzaq Şərq regionlarının bütün təbii sərvətlərindən istifadə olunmasına, zəruri ehtiyac duyulan ərazilərə çatdırılmasına, ən əsası həmin bölgədə həyatın canlanmasına geniş imkanlar açacaqdı. Magistralın əhatə etdiyi ərazi 1,5 kvadratkilometr, ümumi uzunluğu isə 4324 kilometr olacaqdı. Bəli, hər şey heyrətamiz idi. Hələ magistral boyunca yeni şəhər və qəsəbələrin, yaşayış məntəqələrinin, dəmiryolu stansiyaların, habelə digər infrastrukturun yaradılması da nəzərdə tutulurdu. Diqqətçəkən başqa bir cəhət isə magistralın tikintisinə bütün ittifaq respublikalarının cəlb olunması idi. Hər respublikanın bu nəhəng tikintidə üzərinə düşən vəzifə müəyyənləşdirilmişdi. Azərbaycan Respublikasının payına magistralın 210-cu kilometrliyində qəsəbə salınması düşmüşdü. Yaşayış məntəqəsi Ulkan adlandırılacaqdı. Deyilənə görə, qəsəbənin layihəsi azərbaycanlı arxitektorlar tərəfindən hazırlanmışdı. Gənc və enerjili, qurmaq, yaratmaq həvəsli minlərlə azərbaycanlı bu misilsiz təşəbbüsə qoşularaq Sibirə yollanmışdı.

İttifaq rəhbərliyi bu nəhəng tikintiyə xüsusi diqqət yetirirdi. Hətta magistralın çəkilişində, yeni yaşayış məntəqələrinin tikintisində fərqlənən inşaatçılar üçün "Baykal-Amur Magistralının tikintisinə görə" medalı təsis olunmuşdu. Kilometrlərlə uzanan obyektin tikintisində işlərin gedişi demək olar ki, ölkə mətbuatının, gündəlik qəzet və jurnalların, televiziyaların daim diqqət mərkəzində idi və ölkə əhalisinə bu barədə hər gün operativ məlumatlar çatdırılırdı.

Sibir və Uzaq Şərq zonasının inşaat işlərinin aparılması üçün əlverişli olmayan sərt iqlimi, ərazilərin mürəkkəb geoloji struktura malik olması təsəvvürəgəlməz çətinliklər yaratsa da, əsrin tikintisinə çevrilmiş magistralda çalışanlar əsl qəhrəmanlıq göstərir, bütün çətinlikləri hünərlə dəf edirdilər.

Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev magistral tikintisində iştirak edən və ilk inşaat dəstəsinin bu ərazilərə 1975-ci ilin əvvəllərində gələn azərbaycanlıların fəaliyyəti ilə yaxından maraqlanır, qayğı və diqqətini əsirgəmirdi. Tikintidə çalışan azərbaycanlılara respublikaya qayıdandan sonra mənzil verilməsi, digər sosial problemlərinin həllinə yaxından köməklik göstərilməsi vəd olunmuşdu. Və sonralar bu vədlər gerçəkləşdi.

Məlum bir həqiqət var: hər bir ölkənin dəmiryolu xətləri onun dinamik infişafı təmin edir. İstənilən ölkədə dəmiryol xətlərinin uğurla istismarı bölgə və regionlarla əlaqələrin qurulmasında, əhəmiyyətli yüklərin daşınmasında, əhalinin uzaq nəqliyyat problemlərinin həllində müstəsna rol oynayır.

L.İ.Brejnevin vəfatından sonra ittifaq hakimiyyətində birinci postu tutan Y.V.Andropov da bunu çox gözəl dərk edir və bu sahənin inkişafına xüsusi diqqət ayırırdı. Dövlət başçısı kimi XII beşilliyi ittifaqda "nəqliyyat beşilliyi" elan etməsi də bunun bariz nümunəsi idi. Y.V.Andropov 1983-cü ildə təhlükəsizlik sistemində uzun illər birgə çalışdıqları, bacarıq və işgüzarlığına, zəngin təcrübəsinə dərindən bələd olduğu Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büro üzvlüyünə namizəd Heydər Əlirza oğlu Əliyevi "Sən mənə burada lazımsan" deyərək ittifaq rəhbərliyində Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə dəvət etdi. O illərdə ittifaq miqyasında çoxlarının təəccübünə səbəb olsa da, nəqliyyat strukturunun da hökumətin birinci müavini kimi Heydər Əliyevin nəzarətinə verilməsi çox şey deyirdi. O dövrdə İttifaqın yollar naziri olmuş Nikolay Konarevin çox düzgün olaraq qeyd etdiyi kimi: "Çoxlarının axıra qədər başa düşmədikləri belə mühüm bir iş üçün də Heydər Əliyeviç lazım olmuşdu...". Ölkə rəhbəri yaxşı bilirdi ki, iqtisadi həyatının qan damarları olan nəqliyyat strukturlarında işin ahəngdar təşkilini, illərlə toplanıb qalan problemlərini Heydər Əliyev kimi böyük təcrübəyə, yüksək idarəetmə bacarığına malik bir kadr həll edə bilərdi. Heydər Əliyevin hökumətdə ikinci şəxs kimi "yükü" onsuz da ağır idi. Onun rəhbərliyi altında bir-birindən tamamilə fərqli 20-yə yaxın nazirlik və komitə var idi. Uzun illər ərzində həmin rəhbər orqanlarda kök atmış geriliyin aradan qaldırılması, kadrların fəaliyyətinin canlandırılması üçün Heydər Əliyev kimi təcrübəli rəhbərə uzun müddət gecə-gündüz daha gərgin qrafiklə işləmək lazım gəlmişdi.

Heydər Əliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri idi və işlərin gedişini tam nəzarətdə saxlayırdı. Miqyasına görə nəhəng sayılan magistralın tikintisində isə işlərin sürəti qənaətbəxş deyildi. Əslində, adi tikinti xarakteri daşıyırdı. Şübhəsiz ki, işin gərginliyi gün kimi aydın idi. Bir çox yerlərdə xətlər bataqlıqlardan, meşə massivlərindən keçməli idi. Yeraltı suların qazılan tunellərə axması inşaatçıları ciddi çətinliklərlə üz-üzə qoyurdu. Nəticədə, həmin problemlərin aradan qaldırılması həm vaxt itkisi yaradır, həm də işin həcmini artırırdı.

1984-cü ildə Siyasi Büronun üzvü Heydər Əliyev komissiya sədri kimi, işlərin gedişi ilə əyani tanış olmaq üçün Baykal-Amur Magistralı marşrutu üzrə səfərə çıxır. Əslində, bu səfəri BAM tikintisində dönüş nöqtəsi də hesab etmək olar. Həm də bu, Baykal-Amur Magistralının tikintisi müddətində yüksək elita nümayəndəsi və Siyasi Büro səviyyəsində ilk rəhbər səfəri idi. Həmin səfərdə Heydər Əliyevi müşayiət edən nazirlik və aidiyyəti komitə nümayəndələri onun tikintidə işlərin keyfiyyətinə necə xüsusi diqqət yetirdiyini, sıravi adamlarla necə səmimi söhbətlər etdiyini, onların problemləri ilə necə maraqlandığının şahidi idilər. Bu qayğı ağır şəraitdə işləyən, min bir çətinliklərlə üzləşən fəhlələri daha da ruhlandırır, işin sürətini artırırdı. Heydər Əliyevin Siyasi Büro üzvü kimi təhlükəsizlik qaydalarına tam riayət etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7 kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və heç vaxt belə vəziyyətə düşməyən nümayəndələri də ardınca aparması gözlənilməz olmaqla yanaşı, həm də heyrətlə qarşılanmışdı. Hər an təhlükə baş verə bilərdi. Heydər Əliyevi isə özü demişkən, Allah qoruyurdu.

Heydər Əliyev idarəetmə üçün doğulmuşdu. Onun üzərinə götürdüyü işdə, rəhbərlik etdiyi sahədə ikinci dərəcəli məsələ yox idi. Günlərlə, sutkalarla yatmamaq, dincəlməmək olardı, ancaq heç bir sahədə işlər axsamamalı idi. Bu, Heydər Əliyevin dəyişməz iş metodu idi. Digər tərəfdən, ölkədəki vəziyyət məhz bunu tələb edirdi. Bəzən bu dahi şəxsiyyətin tabeliyində olan nazirlik və komitələrin belə iş rejiminə öyrəşmiş rəhbərləri daxildə narazılıqlarını bildirsələr də, gərgin iş rejimi qüvvədə qalırdı.

Təcrübəli yazıçı-publisist, diplomatik sahədə fəaliyyət göstərmiş Elmira Axundovanın görkəmli şəxsiyyət haqqında qələmə aldığı "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildliyində dəmiryolu nəqliyyatı sahəsində həmin illəri əks etdirən statistikaya rast gəldim: "Nəqliyyata göstərilən irimiqyaslı yardım, dəmiryolu kollektivlərinin Sov. İKP MK aprel (1985-ci il) Plenumunun qərarlarının yerinə yetirilməsinə səfərbər edilməsi nəticəsində onların işində dönüş yaranmışdır. Oktyabrda yüklərin yola salınmasında olan borc aradan qaldırılmış, on ay ərzində plandan əlavə 7,5 milyon ton xalq təsərrüfatı məhsulu daşınmışdır. Daşınmalarla məşğul olan işçilərin əmək məhsuldarlığı üzrə plan tapşırığı yerinə yetirilmişdir. Dəmiryolçuların gördüyü iş əsl əmək qəhrəmanlığıdır...

Elmira xanım ardınca qeyd edir ki, "… bu, həm də hər gün, bəzən gecə yarısına qədər nəqliyyat məsələləri ilə məşğul olan, Nəqliyyat Nazirliyinin müəssisə və qovşaqlarına şəxsən baş çəkən, mütəxəssislərlə söhbətlər aparan, dəmiryolçularla kəskin problemləri vaxtında aradan qaldırmağa kömək edən Heydər Əliyevin şəxsi hünəri idi...".

Baykal-Amur Magistralının şəbəkəsi aybaay, ilbəil genişlənir, yeni-yeni stansiyalar, tunellər istifadəyə verilir, körpülər istismara buraxılırdı. Nəhəng obyektdə böyük canlanma yaranmışdı. Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində magistralın iş gedən bütün sahələrində təchizat məsələləri gücləndirilir, qarşıya çıxan hər hansı problem qısa vaxtda operativ həllini tapırdı.

O illərdə hökumətin ikinci şəxsi kimi Heydər Əliyev komandasında əzəmətli tikintiyə cəlb olunmuş kadrlar xatırlayırlar ki, əgər Heydər Əliyevin qətiyyəti olmasaydı, Baykal-Amur Magistralının tikintisinin başa çatması müşkül bir məsələyə çevriləcəkdi.

1984-cü ildə Baykal-Amur Magistralı əsasən istifadəyə verilsə də, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi. Azərbaycanlı inşaatçılar tərəfindən inşa olunmuş Anqoya stansiyasının 40 il bundan əvvəl istifadəyə verilməsi həm inşaatçılar, həm də yerli sakinlər üçün əsl bayrama çevrildi. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilmiş, burada Ulu Öndərin xatirə lövhəsi açılmışdır.

İsbata ehtiyacı olmayan bir həqiqət budur ki, həyatda iz qoyanların özü də əbədi olaraq tarixdə qalır. İllər keçdikcə, ənənələr davam edərək nəsillərdən-nəsillərə ötürüldükcə, həmin insanlar da daim ehtiramla xatırlanırlar. Müdrik rəhbər, bacarıqlı təşkilatçı və əvəzsiz şəxsiyyət Heydər Əlirza oğlu Əliyev kimi...

Müdrik Heydər Əliyev kimi şəxsiyyətləri tarix tez-tez yetirmir. Zaman keçdikcə bu nadir şəxsiyyətin əzəməti qədirbilən xalqımıza, onu yaxından tanıyanlara daha aydın olur. Ulu Öndərin təkcə qurucusu və memarı olduğu respublikamızda deyil, keçmiş ittifaqın bir çox mühüm sahələrində də heç vaxt silinməyəcək izləri var.

Adlarını hələ sağlığında tarixə yazmış insanlar heç vaxt unudulmur. Zamana sığmayan Heydər Əliyev dühası da həmişə bizimlə olacaq...

 Müşfiq CƏFƏROV,

"Respublika".

 

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.