Beynəlxalq müstəvidə Ermənistan ekosidi
Ekologiya

Beynəlxalq müstəvidə Ermənistan ekosidi

Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında ekoloji terror siyasəti həyata keçirib. Həmin ərazilərdə təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, on minlərlə hektar meşə sahəsi tamamilə məhv edilərək regionun ekoloji durumuna böyük zərər vurulub. Xain düşmən ekoloji terrorunu indi də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyəti güdür.

Belə ki, Sədərək rayonu ilə sərhəddə yerləşən Arazdəyən kəndində inşa olunan, illik istehsal gücü 180 min tondan yuxarı olan metallurgiya zavodu böyük tullantı və zəhərli qaz mənbəyi kimi qiymətləndirilir. Ermənistan bölgədə metallurgiya zavodu tikməklə növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya müvafiq olaraq belə müəssisələrin tikintisi digər ölkələrin ekologiyasına mənfi təsirlə nəticələndiyi halda həmin dövlətin müvafiq qurumu ilə razılaşdırılması mütləqdir. Ermənistanın bu fəaliyyəti onun sadəcə sözdə Espo Konvensiyasının üzvü olduğunu təsdiqləyir. Çünki Ermənistan sözügedən fəaliyyətə başlamazdan əvvəl layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda Azərbaycanın da iştirakını təmin etməli idi.

Xatırladaq ki, İkinci Qarabağ savaşı zamanı da Ermənistan döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə qarşı amansız əməllər törətmişdir. Qərb qonşumuzun fosfor bombalarından istifadə etməsi bunu bir daha təsdiqləyir. Su ehtiyatlarının çirkləndirilməsi faktı isə hayların xainliyinin göstəricisidir. Bölgədəki Oxçuçayın düşmən tərəfindən necə çirkləndirildiyi də hər kəsə məlumdur. Hətta həmin çayın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarının kollektoru rolunu oynadığını da deyə bilərik. O cümlədən Arazdəyəndə tikilən metallurgiya zavodu da regiondakı içməli su ehtiyatlarını ciddi təhlükə altında qoyur. Dünya təcrübəsinə əsaslanaraq bir ton əlvan metalın istehsalı üçün 4 min kubmetr suyun istifadə edildiyini söyləmək mümkündür. Metallurgiya sənayesi tullantılarının isə yalnız 34 faizi tamamilə utilizasiya olunur. Bu isə qalan 66 faizin tullantı kimi ətraf mühitə ziyan vurduğu mənasına gəlir.

Düşmən unutmamalıdır ki, metallurgiya zavodunun inşa olunduğu ərazi tarixi Azərbaycan torpaqlarıdır. Həmin ərazilərin ekoloji durumuna Azərbaycan ictimaiyyətinin həssas yanaşması da anlaşılan və məntiqlidir. Təsadüfi deyil ki, iyunun 29-da artıq bir sıra fərqli ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də dünyaya potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayımlayıblar. Həmin bəyanat beynəlxalq müstəvidə fikir formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İyulun 7-də isə Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana məktub ünvanlayıb. Müraciətdə davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanmasının ətraf mühit üçün böyük təhdid yaratdığı qeyd olunub. Ekoloji zərərin transsərhəd xarakterinin regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atdığı da məktubda öz əksini tapıb. Əlavə olaraq, bu il iyulun 18-də Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə də müraciət ediblər. Həmin müraciətdə Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunub. Bundan başqa, tullantıların Araz çayına axıdılmasının çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaratdığı da bildirilib. Bu vəziyyətin həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada biləcəyi də qeyd olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".