Biz Xanın kəndinə qayıtdıq!
Region

Biz Xanın kəndinə qayıtdıq!

Xankəndi Qarabağın böyük şəhərlərindən biridir. Sırf Azərbaycan şəhəri olan Xankəndi adında da milli dəyərlərimizi yaşadır. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün xanlığın paytaxtı Pənahabadın, indiki Şuşanın 10 kilometrliyində, nisbətən dağ ətəyində yaşayış məskəni kimi salınır. Bu yaşayış məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digər ərazilərə yaxın olması da əsas götürülüb. Şəhərin yerli sakinləri azərbaycanlılardan ibarət olub. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra isə bu yaşayış məntəqəsi Xankəndi adını alır. 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Lakin Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələr kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda, keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün ərazidə hərbi hissələr yerləşdirilir.

Şəhərdə məqsədli şəkildə aparılan etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artırılır. Bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. 1917-ci il Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndiyə də öz təsirini göstərir. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı ərazisinə məqsədli şəkildə yerləşdirilmiş İran erməniləri burada Ermənistan dövləti yaradırlar. Bununla kifayətlənməyən ermənilər daha da iştahlanaraq Naxçıvan, Zəngəzur, Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı iddia qaldırırlar. Ötən əsrdə bir neçə dəfə erməni hərbi birləşmələri həmin bölgələrdə azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücumlar edir, dinc insanları qətl edirdilər. İndiki Ermənistan ərazisindən azərbaycanlılar dəfələrlə deportasiya edilərək öz tarixi torpaqlarından didərgin salınmışlar. O dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Ermənipərəst Kirovun dəstəyi ilə hətta Xankəndinin adı da dəyişdirilir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsi Stepanakert adlandırılır.

Sürətlə böyüməkdə olan şəhərdə yaşayan əhalinin sayında da artım başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşayırdı. Təbii ki, əhali artımı ilə bağlı şəhərdə infrastruktur binalarının, iaşə obyektlərinin də tikintisi aparılırdı. Sovet dövrünün sonlarında Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında xüsusi yer tuturdu. Ötən əsrin 60-70-ci illərində Xankəndidə aparılan tikinti-quruculuq işlərinə ulu öndər Heydər Əliyev birbaşa özü nəzarət edirdi. Heydər Əliyevin rəhbərliyi dönəmində Xankəndiyə qədər dəmiryol xətti çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi. Həmin müəssisələrin bir çoxu Heydər Əliyevin birinci hakimiyyəti dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzillə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi. Şəhərdə sovxoz-texnikumu, tibb və musiqi məktəbləri fəaliyyət göstərmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmış, 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri fəaliyyət göstərmişdir.

1988-ci ildən etibarən Ermənistanın Azərbaycan ərazilərinə iddiası nəticəsində Xankəndi də sözün əsl mənasında qan çanağına çevrilmişdir. Ermənilər şəhərdə yaşayan yerli azərbaycanlılara qarşı terror hadisələri törədirdilər. Məqsəd Qarabağın mərkəzi şəhəri olan Xankəndidə yaşayan azərbaycanlıları buradan çıxarmaq idi. Həmin dövrdə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bir həftə sonra, 20 fevralda keçmiş Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Ermənilər arxalandıqları dövlətlərin dəstəyi ilə Azərbaycanla hesablaşmır, əksinə, yeni ərazi iddiaları edirdilər. Yerli əhali ilə ermənilər arasında münaqişələr baş verirdi. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndiyə daxili qoşunların batalyonunu göndərdi. Bundan sonra ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı daha geniş vüsət aldı. Azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərinin miqyasını günü-gündən artırmağa başladılar. 1988-ci il 18 sentyabrda gecə saatlarında ermənilər şəhərdəki azərbaycanlıların evlərinə hücum edərək evləri talan etdilər, yandırdılar, köməksiz sakinlərin başına olmazın müsibətlərini gətirdilər. Xankəndidən azərbaycanlıları didərgin saldıqdan sonra işğalçı ermənilər artıq bu ərazilərə qarşı rahat şəkildə iddia qaldırdılar. 1991-ci il dekabrın 28-də Xankəndi Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı elan edildi. Beləcə, Xankəndinin işğalı erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarında bir az da möhkəmlənməsinə səbəb oldu. Xankəndi Ermənistanın qanunsuz hərbi birləşmələrinin və separatçıların mərkəzinə çevrildi.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək torpaqlarını işğaldan azad etdi. Və bölgədə olan qanunsuz silahlı birləşmələrə ərazilərimizi, o cümlədən Xankəndini tərk etməyə vaxt verdi. Azərbaycanın bütün humanist səylərinə baxmayaraq separatçı qüvvələr Xankəndi və ətraf ərazilərdə yenidən terror hadisələri törətməyə və gizli yollarla minalar basdırmağa davam etdilər. Bu il sentyabr ayının 19-u yenidən erməni silahlı dəstələri hücum əməliyyatlarına cəhd etsə də, Azərbaycan Silahlı Qüvvələri cəmi bir günə lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın tam bərpasına nail oldu. İndi Azərbaycan bayrağı Qarabağın hər guşəsində dalğalanır. Ölkə səhiyyəsinin fəaliyyəti də şəhərdə bərpa olunub. Üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib. Xatırladaq ki, Azərbaycan səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-i səhər saatlarından Xankəndiyə ezam olunublar.  Xankəndi və Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb. Artıq Xankəndi Azərbaycanın tam nəzarətindədir. Şanlı Azərbaycan ordusunun və Ali Baş Komandanın möhkəm iradəsi ilə Azərbaycan öz ərazilərində suverenliyini tam bərpa edib.

 

Ramidə YAQUBQIZI,

"Respublika".