BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir
Dünya xəbərləri

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Yerli gənclərin perspektivlərinə diqqət yetirməklə Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları Bəyannaməsi çərçivəsində yerli xalqların öz müqəddəratını təyinetmə hüquqlarının təkmilləşdirilməsi” mövzusunda BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun (UNPFII) açılışı olub.

"Respublika" BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, aprelin 26-dək davam edəcək Forumun iclaslarında “Yerli Xalqlar və Davamlı İnkişaf üçün 2030-cu il Gündəliyi” sənədi ətrafında müzakirələr aparılacaq. Bu kontekstdə yerli xalqlarla, təşkilata üzv dövlətlərlə, Birləşmiş Millətlər Təşkilatının agentlikləri, fondları və proqramları ilə dialoqlar təşkil ediləcək, yerli xalqların hüquqları üzrə ekspert mexanizmi yaradılacaq.

Forumun panel iclaslarında, həmçinin yerli xalqların inkişafının maliyyələşdirilməsi də daxil olmaqla tematik dialoqlar da aparılacaq. Bu mükalimələrin mövzuları sırasında iqlimi dəyişikliyi, ətraf mühit və biomüxtəliflik də var. Bununla yanaşı, tədbirdə BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti, bu sahədə Ümumdünya Konfransının yekun sənədi də müzakirə ediləcək.

Forumda BMT-yə üzv ölkələrin daimi nümayəndəliklərinin təmsilçiləri, alimlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri məruzələrlə çıxış edəcəklər.