BÖLGƏ UNİVERSİTETLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GÜCLƏNDİRİLİR
Elm və təhsil

BÖLGƏ UNİVERSİTETLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GÜCLƏNDİRİLİR

Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov imzalayıblar. Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və s. sahələri əhatə edir.

Sonra bu ali məktəblərin birgə təşkilatçılığı ilə "Heydər Əliyevin xilaskar qayıdışı" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.

Konfransda bildirilib ki, bu tədbirin Heydər Əliyev ilində keçirilməsində məqsəd Azərbaycanın bugünkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz ulu öndər Heydər Əliyevin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Çıxış edənlər ulu öndərin xalqın taleyində, dirçəlişində, dövlət quruculuğunda misilsiz xidmətlərindən, ümummilli liderin təhsil strategiyasının davamından bəhs ediblər. Bu çərçivədə 3 universitet arasında əməkdaşlığın perspektivindən əhatəli danışıblar.

Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.

Zabit XƏLİLOV,

"Respublika".