Bölgələrdə   yeni   suvarma   mövsümünə   hazırlıq
İQTİSADİYYAT

Bölgələrdə   yeni   suvarma   mövsümünə   hazırlıq

Artıq  yaz   əkini  yaxınlaşır və  bununla  əlaqədar bölgə   melioratorları   yeni  suvarma   mövsümünə   hazırlaşırlar. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti   bildirir ki, torpaq mülkiyyətçiləri və fermerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək üçün  Siyəzən Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirilir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir,  hidrotexniki qurğularda cari təmir işləri görülür. Qeyd edək ki, Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2200 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb.

Məlumat   üçün   bildirək ki, Siyəzən rayonunda 12 min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə  son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103  metr  uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

İmişli Suvarma Sistemləri İdarəsi 55200 hektardan artıq suvarılan torpaqlara xidmət edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarının lildən təmizlənməsini, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəçilərini su ilə təmin etməkdən ibarətdir. Əkin sahələri 1176 kilometr uzunluğunda suvarma  kanalları vasitəsilə su ilə təmin olunur. Bunlar əsasən su mənbəyi Araz çayı və Yuxarı Qarabağ kanalı olan Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənub Muğan, Rəsul arx, R-2, Arazyanı və OMK kanallarıdır.

İmişli Suvarma Sistemləri İdarəsi 2022-ci il ərzində ümumilikdə 358 kilometrdən artıq, 1500 min kubmetrə yaxın  həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarını lildən təmizləyib. Bundan başqa, ötən il 4 MK nov kanalının yerində 1 km məsafədə yeni beton üzlüklü kanal çəkilib. Hazırda işlərin aparıldığı Boztəpə və Qızıl Arx kanallarında işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub.

 Nəriman  CAVADOV,

“Respublika”.