Böyük Qayıdış davam edir
Sosial həyat

Böyük Qayıdış davam edir

Böyük Qayıdış sürətlə davam edir. Bu günlərdə Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

Onlar oktyabrın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonuna yola düşüblər. Bununla indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 175-ə (871 nəfərə) çatıb. Bu günə qədər Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər doğma yurda köçüb. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridirlər.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, evlərin bölgüsü keçmiş məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları - şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Xatırladaq ki, oktyabrın 13-də köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da, Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib. Oktyabrın 20-də isə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola düşən köç karvanı 23 ailə, 83 nəfərdən ibarət olub. Beləliklə, Laçın şəhərində 295 ailə, yəni 1135 nəfər daimi məskunlaşıb.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad edildi. Vətəndaşlarımız ata-baba yurduna köç edir. Bu işlərin həyata keçirilməsi üçün ilk öncə azad edilən ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə start verilib. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb.

Oktyabrın 16-dan 22-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 611,4 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib. Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 147 piyada, 130 tank əleyhinə mina və 1067 partlamamış hərbi sursat aşkarlanıb.

Müharibə başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə başlanan genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. Beynəlxalq hava limanları tikilir, işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və inkişafı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, ağıllı kənd və şəhərlərin salınması, müxtəlif təsərrüfat sahələrinin yaradılması, "yaşıl" iqtisadiyyatın tətbiqi, tarixi, dini, mədəni abidələrin bərpası işləri sürətlə davam edir. Qarabağın yenidən canlanması, regionun biomüxtəlifliyinin, təbiətinin, meşələrinin qorunması və səmərəli istifadəsi, yeraltı və yerüstü təbii ehtiyatlarının xalqın xidmətinə verilməsi, kənd təsərrüfatı istehsalının yenidən fəaliyyətə başlaması, ərazilərin inkişafının sistemli xarakter alması istiqamətində işlər görülür.

Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Bu ərazilərdə yeni yaşayış yerləri salınır, infrastrukturun bərpası istiqamətində işlər görülür, yeni yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir.

Bu gün vətəndaşlarımız öz ata-baba yurdlarına sevinc, qürur hissi ilə qayıdırlar. 1993-cü ildə erməni işğalı nəticəsində doğma obalarından didərgin salınmış sakinlər zorla çıxmaq məcburiyyətində qaldıqları kəndlərinə dönürlər. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".