Böyük Qayıdış və
Digər xəbərlər

Böyük Qayıdış və "gizli təhlükə"

Dünyanın müxtəlif bölgələrində təxminən 110 milyon mina yerləşdirilmişdir. Saysız-hesabsız insan tələfatına səbəb olan bu partlayıcı qurğular 2 qrupa bölünür. Piyada Əleyhinə (PƏ) və Texnika Əleyhinə (TƏ) minalar. Tank əleyhinə minalar isə özlüyündə fuqas və kumulyativ minalar qrupuna bölünür. PƏ minalar fuqas, qəlpəli, sıçrayan qəlpəli və istiqamətlə qəlpələnən minalara ayrılır. Qiyməti 3-30 dollar arasında dəyişən minaların torpaqdan təmizlənməsinin dəyəri 1000 dollar təşkil edir. Yer üzündə mövcud olan bütün minaları təmizləmək üçün isə milyardlarla dollar vəsait tələb olunur.

Ümumi statistikaya əsasən müharibə sonrası dünya ölkələrində hər il 42 faizi uşaq olmaqla 4200-dən çox insan minaların və partlayıcı sursatların qurbanı olur. Əfsus ki, Azərbaycan da minalardan əziyyət çəkən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Qələbədən sonra sözügedən ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə quruculuq işlərinə start verildi. Ərazilərdə mövcud olan müharibə fəsadlarının aradan qaldırılması üçün ən vacib məsələ isə minaların təmizlənməsidir. Həm Silahlı Qüvvələrimizin müvafiq qoşun növləri, həm də ANAMA mənfur düşmənlərimizin geridə qoyduğu "gizli təhlükələrlə", hələ aşkarlanmamış faciə mənbələri ilə mübarizə aparırlar. Üzdəniraq düşmənimizin saxtakarlığı və xain fəaliyyəti hərbçilərin, həmçinin mülki əhalinin faciəli ölümü ilə nəticələnir.

Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın reallaşacağı gün o qədər də uzaqda deyil. Hazırda bu prosesə tək təhdid minalardır. Çünki düşmən o əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirmişdir. Bütün bunlarla yanaşı, Ermənistan tərəfi minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən də boyun qaçırır. "Qərb qonşumuz" müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq üçün bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia edir. Amma təqdim edilmiş sənədlər işğaldan azad edilən əraziləri tam əhatə etmir və buradakı aparılan quruculuq işlərinə ciddi problemlər yaradır. Ermənistanın daha öncə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi məlumatlar sadəcə 25 faiz təşkil edir. ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri verilmiş xəritələrin minalanmış bütün əraziləri tam əhatə etmədiyini bir daha açıq şəkildə göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi beynəlxalq arenada da müzakirəyə çıxarılmışdır. Belə ki, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və bu təşkilatın Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan Azərbaycana 1 milyon dollar məbləğində vəsait ayrılmışdır. Sözügedən layihə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini (ANAMA) texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək ölkəmizdə minatəmizləmə əməliyyatlarının genişləndirilməsinə, icmaların su mənbələrindən təhlükəsiz şəkildə istifadəsinə evlər, məktəblər və sağlamlıq ocaqları tikməsinə də öz töhfəsini verəcək. Bütün bunlarla yanaşı, BMT-nin İnkişaf Proqramı çərçivəsində Qarabağ ərazisinin minalardan təmizlənməsi məqsədilə 500 min funt sterlinq, Qızıl Xaç xətti ilə zərərçəkənlərə isə 1 milyon funt sterlinq yardım ayrılmışdır. Xatırladaq ki, Böyük Britaniya, Ermənistan və Azərbaycanı bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutan Ottava Konvensiyasını imzalamağa çağırıb.

Mina probleminin həlli məsələsini prioritet istiqamətlərdən biri hesab edən ölkə başçımız 2022-ci il noyabr ayının 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında bu məsələyə bir daha toxunaraq demişdir: "Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxtəlif dərəcəli bədən xəsarətləri alıb". İşğaldan azad olunmuş ərazilərimizdəki mina problemi beynəlxalq səviyyədə də müzakirəyə çıxarılıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının bu ilin 23-27 yanvar tarixlərində keçirilən qış yarımsessiyası çərçivəsində Azərbaycanın üzləşdiyi mina problemini əks etdirən "Humanitar minatəmizləmə fəaliyyəti: sülhə və dayanıqlı inkişafa yol açmaq" mövzusunda tədbir təşkil edilmişdir. Tədbirdə, həmçinin ölkəmizin dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən biri olduğu və postmünaqişə dövründə bu ciddi humanitar problemin fəsadları ilə üz-üzə qaldığı bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinin genişmiqyaslı yenidənqurma və bərpa işlərinin sürətinə mane olduğu, insanların həyat və təhlükəsizliyinə, bununla da yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşmasına ciddi təhlükə yaratdığı qeyd olunmuşdur. Həmçinin, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə mina partlayışları nəticəsində 282 insanın həlak olması və ya yaralanması məsələnin aktuallığının göstəricisidir. Ölkəmizdə mina təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsinə də xüsusi diqqətlə yanaşılır. İstər ANAMA, istərsə də digər rəsmi qurumlar minalanmış zonalara yaxın yerlərdə yaşayan əhalini vaxtaşırı maarifləndirir, mina təhlükəsindən qorunmaq üçün lazımi məlumatları onların nəzərinə çatdırırlar. Xatırladaq ki, 2030-cu ilədək işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin ora qayıtması nəzərdə tutulmuşdur. Belə ki, "Böyük Qayıdış" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əks olunan 5 ümummilli məqsədlərdən biridir.

Nəzrin ELDARQIZI,

"Respublika".