Bütün aspektləri ilə 32 illik əməkdaşlıq
Siyasət

Bütün aspektləri ilə 32 illik əməkdaşlıq

Bir vaxtlar Məhəmməd Hadi deyirdi ki, "yox millətimin imzası imzalar içində". Amma Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya yolunu rəhbər tutaraq qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa başladı. 1994-cü ilin sentyabrında ümummilli liderimiz Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə ölkəmizlə sözügedən qurum arasında səmərəli tərəfdaşlığın əsası qoyuldu. 1992-ci il martın 2-də isə dövlətimiz bu təşkilata üzv qəbul olundu. BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırıldı, mayın 6-da daimi nümayəndəliyimiz fəaliyyətə başladı.

Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatına üzvlüyümüz böyük əhəmiyyətə malik idi. Çünki nizamnaməsinə və üzvlərinin sayına görə dünyanın ən böyük təşkilatı olan BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək idi. Qurumun məqsədlərinə, həmçinin qlobal miqyasda iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində əməkdaşlığın həyata keçirilməsi, insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxil idi. Bu səbəbdən də ilk gündən etibarən rəsmi Bakı BMT-nin ali kürsüsündən dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə çəkməyə çalışdı. Bunun nəticəsində 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul etdi. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunaraq hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olundu. Lakin həmin şərtlər uzun illər ərzində kağız üzərində qaldığından ölkəmiz haqqı öz gücünə bərpa etməyə məcbur oldu. Vətən müharibəsində şanlı qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi və tarixi ədalətin bərpasına nail oldu. Beləliklə, qalib Azərbaycan BMT-nin 30 il ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını təkbaşına təmin etdi.

Ötən il martın 2-də Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə bağlı söylədiyi sözlər uzun illər dilə gətirilməyən reallığı da göstərdi. Dövlət başçısı bildirdi ki, BMT-nin Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Qurum keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Bu səbəbdən, İlham Əliyev BMT sistemində islahatların aparılmasını, üzvlərinin sayının artırılmasını, Qoşulmama Hərəkatına sədrlik edəcək dövlətlərin Təhlükəsizlik Şurasının daimi üzvü olmasını zəruri hesab etdiyini bildirdi. Bu da əsassız deyil. Belə ki, BMT Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 5-i daimi olmaqla (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) 15 üzvü var. Digər 10 qeyri-daimi üzvü 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar 9 üzv səs verdikdə qəbul olunmuş sayılır. 5 daimi üzvün hamısı veto hüququna malikdir ki, bu da Şuranın hər hansı bir məsələdə həlledici qərarın qəbul edilməsinin qarşısını alır. Adətən, ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər. Bu da onu göstərir ki, BMT Təhlükəsizlik Şurası həm də supergüclərin monopoliyasındadır.

Azərbaycan da selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biridir. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin qurum Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında saxlanmasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı.

Bütün bunlar isə onu göstərir ki, BMT Təhlükəsizlik Şurası istər Qarabağ, istər Ukrayna, istərsə də dünyanın müxtəlif yerlərindəki qlobal və ya etnik müharibələri sonlandırmaqda, böhranları idarə etməkdə uğurlu ola bilməyib. Dəyişən dünyanın tələblərinə cavab verməyən beynəlxalq orqanın transformasiyası isə qaçılmazdır. Dövlətimiz təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləsə də, hazırda xarici siyasət gündəliyində duran əsas məsələlərlə bağlı qurumla əməkdaşlığa böyük önəm verir. İndiyədək respublikamız işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsi, keçmiş məcburi köçkünlərin geri qaytarılması və digər məsələlərlə bağlı BMT-nin müvafiq təsisatları ilə müəyyən təmaslar qurub. O cümlədən Birləşmiş Millətlər Təşkilatı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə öz dəstəyini göstərir. Bu səbəbdən də Azərbaycan BMT-nin bir çox qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Bu sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digər institutları göstərmək olar.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan 30 illik əməkdaşlıq dövründə özünü BMT-nin məsuliyyətli üzvü kimi etimad qazanıb. Ölkəmiz beynəlxalq sülhyaratma missiyasında fəallığı ilə seçilir, eləcə də ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə töhfə verməkdə davam edir.

Jalə QASIMZADƏ,

"Respublika".