Cəbrayıl rayonunun bol su mənbələri
Region

Cəbrayıl rayonunun bol su mənbələri

30 ilə yaxın müddət ərzində erməni vandallarının işğalı altında qalan Cəbrayıl rayonunun təkcə kənd və qəsəbələri, yaşayış məkanları deyil, təbii sərvətləri, meşə massivləri, bulaq və kəhrizləri, sututarları da yerlə-yeksan edilmişdir. Artıq 2 ilə yaxındır ki, Cəbrayıl rayonu 44 günlük Zəfər sayəsində işğaldan azad olunmuşdur. Bu yerlərə, bu gözəl yurda, saysız-hesabsız təbii sərvətləri ilə ürəklərdə xoş ovqat yaradan doğma məkana əbədi olaraq qayıtmışıq. Cəbrayıl yenidən qurulur, yenidən tikilir. Əkin sahələri müəyyənləşir, yaxın gələcəyin aqrar təsərrüfatı gözdən keçirilir. Rayonun su ehtiyatları müzakirə mövzusudur. Mütəxəssislər su ehtiyatlarının axtarışındadırlar. Cəbrayıl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Cəlil Əliyevlə görüşüb ondan rayonun su mənbələri barədə məlumat verməyi xahiş etdik:

- Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubda Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 kvadratkilometrdir. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Erməni işğalından əvvəl rayonda 118 kəhriz və 99 ədəd bulaq, 107 ədəd subartezian quyusu və mənbəyini Araz çayından götürən Hasanlı və Maral kanalları vardı. Rayon üzrə 58686 hektar kənd təsərrüfatı üçün yararlı torpaqlar vardır ki, bundan 12509 hektarı suvarılan torpaqlar idi. Kəhrizlərlə 985 hektar, subartezian quyuları ilə 1373 hektar, kanallar və onlar üzərində tikilmiş nasos stansiyalar vastəsilə 8390 hektar və Həkəri çayı üzərindəki nasosla 1761 hektar sahə suvarılırdı. Hesablamalara görə, il ərzində 118 kəhriz 34,65 milyon kubmetr suvermə qabiliyyətinə malik olduğu bildirilir. Hazırda kəhrizlərin əksəriyyəti ermənilər tərəfindən dağıdılıb, bu və ya digər səbəbdən işləmir. Kəhrizlərin təmizlənməsi və yeni texnologiya əsasında bərpa olunması istiqamətində müzakirələr aparılır. 107 ədəd subartezian quyuları tamamilə məhv edilib, transformatorlar, nasoslar, borular sökülüb aparılıb. Quyular yenidən qazılmalıdır və bu istiqamətdə işlər gedir.

Araz çayından qidalanan Hasanlı və Maral kanalları yararsız vəziyyətdədir, bunların yenidən qurulması istiqamətində işlər gedir. Əvvəllər Hasanlı kanalına suyu çaydan mexanizmlərin köməyi ilə primitiv yolla götürülürdü. Hasanlı kanalının yenidın qurulması, yəni sugötürmə qabiliyyəti saniyədə 65 kubmetr olan beton üzlüklü kanalın tikilməsi üçün layihə sənədləri hazırlanır və su Araz çayı üzərində tikilmiş "Qız qalası" hidroqovşağından və inşa olunan hidrotexniki qapı vasitəsilə götürüləcəkdir.

"Qız qalası" hidroqovşağı və ondan 13 kilometr yuxarıda tikilmiş Xudafərin Su Anbarının ilkin layihələndirmə işlərinə keçmiş Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşma əsasında başlanmışdır. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb və 1992-ci ildə tikinti işlərinə başlanıb.

"Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisinin sifarişçisi və podratçı "Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyinə (İTQB), layihə işlərinin görülməsi isə "Bakı Hidrolayihə" İnstitutuna həvalə olunub. Torpaqlar 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxmışdır. 1994-cü ilin 28 iyun - 2 iyul tarixində ulu öndərin İrana 5 günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memarandum imzalanmışdır.

2016-cı ildə su anbarı ilə bağlı məsələ yenidən gündəmə gəlib və "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından birgə istifadə sahəsində əməkdaşlıq haqqında beynəlxalq saziş" 23 fevral 2016-cı il tarixində imzalanıb.

İkitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İran İslam Respublikasının müvafiq şirkətləri tərəfindən davam etdirilir.

Xudafərin Su Anbarının adı 1027-ci ildə həmin ərazidə tikilmiş eyniadlı körpünün adı ilə bağlıdır. Anbarın bəndinin üstündən uzunluğu 500 metr, inşaat hündürlüyü 70 metr, su anbarının tutumu 1,612 milyard kubmetrdir. Hər iki sahildə gücü 100 min kilovat olan SES tikiləcəkdir. "Xudafərin" su tutumuna görə Azərbaycanın üçüncü su anbarıdır.

Xudafərin Su Anbarından 13 kilometr aşağıda XII əsrə aid "Qız qalası" tarixi-memarlıq abidəsinin yanında "Qız qalası" hidroqovşağı tikilib. Bu qala da erməni işğalçıları tərəfindən dağıdılıb.

"Qız qalası" hidroqovşağında torpaq bəndinin uzunluğu 1050 metr, hündürlüyü 36 metrdir. Hər iki sahildə gücü 40 min kilovat olan SES-in tikilməsi nəzərdə tutulmuşdur. "Qız qalası" hidroqovşağının sututumu 56,75 milyon kubmetr təşkil edir. SES-lərə verilən maksimum su sərfi saniyədə 130 min kubmetr olacaqdır. Qeyd etdiyim kimi hidroqovşaqdan hər iki sahilə saniyədə 65 kubmetr su verilə biləcək kanalların tikilməsi nəzərdə tutulub.

"Qız qalası" hidroqovşağında və Xudafərin Su Anbarında işlər 95 faiz tamamlanıb. "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və SES-lərin tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə 2022-ci il 18-19 yanvar tarixlərində "Qız qalası" hidroqovşağında Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü keçirilib. Görüşdə icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə təlabatın ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan "Xudafərin" və "Qız qalası" hidroqovşaq və SES-in inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb. İki hidroqovşaqda hər iki tərəfdən "Xudafərin" də hər biri 100 meqavat, "Qız qalası"nda hər biri 40 meqavatlıq iki cüt SES tikilməsi istiqamətində hazırlıq işləri gedir. Hazırda Xudafərin Su Anbarında 120 milyon kubmetr su var. Havaların quraq keçdiyindən anbara su yığılması çətinləşir.

Hər iki elektrik stansiyasının 716 milyon kilovat-saatı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

Qeyd edək ki, adıçəkilən hidroqovşaqlar Azərbaycan tərəfində 252 min hektar mövcud əkin sahəsinin suvarılmasının yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahəsinin suvarılmasına da şərait yaradacaq. Azad olunmuş bu ərazilərdə həyatın yenidən canlanması üçün nəzərdə tutulan bütün meliorasiya və su təsərrüfatı sistemlərinin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olması üçün yeni işlər görülür.

Hazırladı:

Tofiq HÜSEYN,

"Respublika".