Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib
Region

Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov 24 noyabr tarixində Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağsu, Ağdam, Goranboy, Göyçay, Xocavənd, Qobustan, Lənkəran, Saatlı, Şamaxı, Şəki, Tərtər və digər rayonlardan, eləcə də Bakı və Gəncə şəhərlərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir Məcnun Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin mətbuat xidməti bildirir ki, idarə və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

N.CAVADOV,

“Respublika”.