Daha 18 ailə Laçına köçürülüb
Sosial həyat

Daha 18 ailə Laçına köçürülüb

İyulun 18-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola çıxan növbəti köç karvanı Laçına çatıb. Yenidən qurulan Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb və daha 73 laçınlının yurd həsrəti bitib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir. Laçına qədəm qoyan ailələr şəhərdə böyük sevinclə qarşılanıblar. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Sonra həmin ailələrə Azərbaycan dövləti tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərinin açarları verilib.

Bununla da Laçın şəhərində indiyədək 111 ailənin, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.