Deputat:
Siyasət

Deputat: "Azərbaycan-Türkiyə münasibətləri hər iki cəmiyyətdən gələn bir sosial sifarişdir”

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünyada istənilən iki dövlət arasında mümkün ola biləcək əlaqələrə ən yaxşı müsbət nümunədir. Türkiyə ilə münasibətlərimiz qardaşlığımıza, dostluğumuza, bir-birimizin maraqlarına çox həssaslıqla yanaşmağa, ən çətin gündə bir-birimizin yanında olmaqla xarakterizə olunur.”

Bu fikirləri “Respublika”ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri hər iki cəmiyyətdən gələn bir sosial sifarişdir:

“Bu, bir kökdən olmağımız, bir dədə-babadan olaraq iki dövlətə sahib olmağımızdan irəli gəlir. Ulu Öndər Heydər Əliyevin vaxtilə “bir millət, iki dövlət” fikrini bildirməsi bu gün Azərbaycan və Türkiyə üçün ana xətlərdən biridir. Bu münasibətlər indiki dövlət rəhbərləri, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı, Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğan tərəfindən də yüksək səviyyədə saxlanılır və dövlətlərimizin həmişə yanaşı olmasına kömək edir. Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycanı ən fəal şəkildə müdafiə edən ölkə olub və heç də təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad ediləndən sonra bu əraziyə ilk səfər edən dövlət başçısı da məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu".

Aydın Mirzəzadə qeyd edib ki, Şuşada iki dövlət arasında strateji müttəfiqlik haqqında imzalanan Şuşa bəyannaməsi bundan sonrakı münasibətlərimiz üçün fundamental rol oynadı:

"Şuşa Bəyannaməsinin imzalanması  ölkələrimizin bundan sonra da bütün məsələlərdə birgə hərəkət etməsini bəyan etdi və həmin dövrdən də tarixin sınaqlarından uğurla çıxdı. Türkiyə şirkətləri bu gün işğaldan azad olunan zonaların bərpasında fəal iştirak edirlər. Azərbaycan Türkiyəyə ən böyük investisiya qoyan ölkədir. Beynəlxalq birlikdə vaxtaşırı bir-birimizin mövqeyini ya müdafiə edirik, ya birgə çıxış edirik. Hər iki ölkənin ictimaiyyəti bir-birinə qardaşlıq münasibətləri göstərir. Hesab edirəm ki, bu dostluq, bu qardaşlıq əbədidir və bundan sonrakı nəsillər də həmişə onu qoruyub saxlayacaqlar” - deyə, Aydın Mirzəzadə qeyd edib.

Musa BAĞIRLI,

“Respublika”.