Doğma ocaqlarda ilk Yeni il
Sosial həyat

Doğma ocaqlarda ilk Yeni il

Dünya bizim evimiz olsa da hər kəsin doğulub, böyüdüyü yurd yeri olur. Hansı ki, məhz ora mənsubdur, aiddir. Dünyanın ən zəngin ölkəsində, şəhərində yaşasan da, doğulduğun torpaq, yurd səni həmişə özünə çəkir. Uzaqlardan doğulduğun məkana sarı boylanırsan. Çünki sən ora aidsən. Cümlə cahanı gəzib dolaşa bilərsən. Amma yenə də dönüb, dolanıb yurduna qayıdırsan.

Bir həsrət, nisgil yaşayırsan. Bax o həsrəti, nisgili qarabağlılar, ağalılar düz 30 il yaşadılar. Vətəndə Vətən, yurd dərdi çəkdilər. Aşikar, bəzən də gizlin-gizlin ağladılar. Amma inandılar, bir gün o yurda, torpağa qayıdacaqlarına inandılar.

Məcburi köçkün olsalar da, 30 ildən sonra ürəklə mən daha köçkün deyiləm demək sevincini yaşadılar. Qələbə sevinci ilə ilk qayıdış ünvanları olan Zəngilan rayonu, Ağalı kəndinə fərəhlə, qürurla döndülər. Ermənistan hərbi birləşmələrinin 30 il işğal altında saxladığı, daşını daş üstə qoymadığı bu yurdları, Ağalını elə Ağalıdan olub, Ağalıda doğulmayan, o yerləri bir dəfə də olsun görməyən igidlər aldılar. Yurda sarı köç başladı. Beləcə, Ağalıya ilk müjdə, ilk sevinc - Böyük Qayıdış karvanı yol aldı.

O yurd bizim yurdumuzdur - daşı da, torpağı da, suyu da, soyu da bizimdir. Bəli, bu gün Ağalıda yüzlərlə evin, ailənin işığı yanır. Həyat öz axarında davam edir, ağalılar artıq bayramlarını öz ünvanlarında, Ağalıda qeyd edirlər. 41 ailədən ibarət 201 nəfər sakini olan Ağalıda yaşayış üçün hər cür şərait var. Tarixin əlamətdar səhifəsinə yazılan hadisələrdən biri də Ağalı məktəbində 30 ildən sonra 360 yerlik, 70 şagirdi olan məktəbdə ilk zəngi çalındı.

Bu il Ağalı kəndinin sakinləri yeni evlərində ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, Yeni il bayramını da qeyd edəcəklər. Yeni, amma doğma, tarixi ünvanlarında, yurd yerlərində yeni - 2023-cü ili sevinclə qarşılayırlar. Biz də öz növbəmizdə öz doğma ocaqlarında ilk dəfə bayram keçirən yurddaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə təbrik edirik.

Qoy yurdlarımızda ocaqlarımız gur yansın!

Ramidə YAQUBQIZI,

"Respublika".