DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur
Sosial həyat

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə oktyabrın 22-də açılışı olan Mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır. Mərkəz həssas qrupların cəmiyyətə inteqrasiyasına,  sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir. Tikintisi PAŞA Holdinq tərəfindən maliyyələşdirilən, “Cobalt Architecture and Design” şirkətinin arxitektura, layihələndirmə və təşkilati yönümlü dəstək verdiyi Mərkəz bu baxımdan ölkəmizdə daha bir uğurlu sosial tərəfdaşlıq nümunəsidir. Mərkəzdə 5 yaşdan yuxarı şəxslərin qəbul ediləcəyi, burada eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədiləcəyi, 60 işçinin, 20 DOST könüllüsünün çalışacağı bildirilib.

Media təmsilçiləri Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik, həmçinin ön hissədə əlil arabalarının yerləşdirilməsi üçün kiçik sahəsi olan auditorium, kitabxana ilə tanış ediliblər. Onlara inklüziv teatrlar və Nazirliyin  “Bərabərik” layihəsinə dair videotəqdimat edilib. Kitabxanada Azərbaycan ədəbiyyatına, həmçinin müxtəlif peşə və sənət tədrisinə aid kitablar vardır. Burada görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə olan kitablardan ibarət guşələr də yaradılacaq. Eləcə də əlilliyi olan şəxslərin kitablarının təqdimatı, məşhur yazıçıların iştirakı ilə qiraət, imza günləri keçiriləcək. Nazirliyin nəşr etdirdiyi növbəti “Əlillik qüsur deyil” kitabı barədə də məlumat verilib. Mərkəzin geniş həyətyanı sahəsində reabilitasiya məqsədli meditasiya, yoqa, digər fiziki təlimlər, müxtəlif sərgilər və s. təşkil olunacağı qeyd edilib.

Mustafa KAMAL,

“Respublika”.