DÖVLƏT BAŞÇISININ SƏFƏRLƏRİ REGİONLARIN İNKİŞAFINI SÜRƏTLƏNDİRİR
Region

DÖVLƏT BAŞÇISININ SƏFƏRLƏRİ REGİONLARIN İNKİŞAFINI SÜRƏTLƏNDİRİR

Dövlətimizin başçısı cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərə, eləcə də respublikamızın digər bölgələrinə səfərləri davamlı hal almışdır. Prezidentin rəhbərliyi ilə aparılan uğurlu siyasətdə insan amili prioritet təşkil edir. Əhalinin rahat yaşayışının təmin olunması, yeni infrastruktur layihələrin həyata keçirilməsi, işsizliyin aradan qaldırılması, mövcud turizm potensialından səmərəli istifadə, sahibkarlığa yaradılan münbit şərait, milli iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması üçün "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları qəbul edilir.

Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası nəticəsində Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilmişdir.

Dövlət başçısının regionlara son səfəri deyilənlərin bariz nümunəsidir. Belə ki, Prezident İlham Əliyev respublikamızın Qərb qapısı sayılan Qazax rayonuna səfəri zamanı bir sıra strateji obyektlərin açılışını etdi. Prezidentin Qazaxa səfərindən sonra bölgəyə yollandıq. Sakinlər dövlət başçısının səfərini qazaxlılara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Qazax sakini, şair-publisist Elçin İsmayıl fəxarət hissilə bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və şaxələndirilmiş tədbirlər, Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə ölkənin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Lakin ötən dövrdə regionlarla müqayisədə paytaxtın daha sürətlə inkişaf etməsi fonunda regionlarda iqtisadi aktivliyin artırılması üçün bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsi zərurətə çevrilmişdir. Ona görə də bu gün regionların sosial-iqtisadi inkişafının təmin olunması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə müxtəlif sahələri özündə əks etdirən geniş və çoxşaxəli layihələr həyata keçirilir. Dövlətimizin başçısı mütəmadi olaraq respublikamızın rayonlarında olur və səfərləri zamanı iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələrin açılışını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıq və tövsiyələrini verir.

"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində Qazax rayonunda da geniş abadlıq-quruculuq işləri aparılır, sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilir. İcra edilən layihələr ötən dövr ərzində təhsil, sağlamlıq, sosial xidmətlər göstərən yeni ictimai obyektlərin inşasına, yeni yolların tikilməsinə, kommunikasiya və təchizat imkanlarının artırılmasına və bütövlükdə rayonumuzun iqtisadi inkişafına səbəb olmuşdur.

Prezident seçildiyi 2003-cü ildən dövlətimizin başçısı Qazax rayonuna 8 dəfə səfər etmişdir. Bu, cənab İlham Əliyevin regionlara, eləcə də Qazax rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Yeni sosial və təhsil müəssisələrinin, zavod və digər istehsal müəssisələrinin açılışı ilə yaddaqalan bu səfərlər rayon sakinlərinin ölkə başçısına inamını dövlətə, dövlətçiliyə olan etimadını daha da gücləndirir.

Avqustun 7-də Prezident İlham Əliyev Qazax rayonuna növbəti səfəri zamanı mühüm obyektlərin açılışını etməklə yanaşı, rayonda həyata keçirilən işlərin vəziyyəti ilə tanış olmuş, müvafiq tapşırıq və göstərişlərini vermişdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Mən bir ziyalı kimi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin açılışını yüksək qiymətləndirirəm. Dövlətimizin başçısı bununla XX əsrin əvvəllərində Azərbaycanda savadsızlığın aradan qaldırılmasında və məktəblərin ixtisaslı müəllimlərlə təmin edilməsində böyük rolu olmuş Qazax Müəllimlər Seminariyasının tarixi nüfuzunu yenidən bərpa etmiş oldu. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu tarixi hadisə rayon sakinləri tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Dövlətimizin başçısının Qazaxa növbəti səfəri və açılışını etdiyi infrastruktur layihələr rayonumuzun tarixində çox önəmli hadisələrdir. Bölgələrin, eləcə də Qazax rayonunun timsalında əldə edilən nəticələr ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olunduğunu təsdiqləyir. Hesab edirəm ki, dövlətimizin başçısının avqustun 7-də açılışında iştirak etdiyi obyektlər Qazax rayonunun gələcək iqtisadi potensialını gücləndirəcək və bu da öz müsbət təsirini bütün sahələrdə göstərəcəkdir.

Rayonun Çaylı kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Kənd sakinləri Hamlet Şahquluyev, Rəşad Musayev, Qəzənfər Qocayev dövlət başçısının Qazaxa növbəti səfərini yüksək qiymətləndirdilər. Bildirdilər ki, Qarapapaq-Çaylı avtomobil yolunun yenidən qurulması kənd sakinlərinin, eləcə də kəndə gələn qonaqlarının hədsiz sevincinə səbəb olmuşdur. Əvvəllər avtomobillərin bu yolla normal hərəkəti çətin idi. İndi müasir standartlara cavab verən asfalt yolla mənzilbaşına daha tez və rahat çatırıq. Bir daha Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı göstərməsinin şahidi olduq. Dövlət başçısına sonsuz minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri çərçivəsində Şəmkir rayonunda da olmuş, Şəmkir şəhəri, Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak etmişdir. 1600 şagird yerlik məktəb binası bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, laboratoriyalar, fənn kabinələri, idman zalları, yeməkxana, akt zalı bütün standartlara tam cavab verir.

Şəmkir şəhər sakini, valideyn Zöhrab Rüstəmov bildirdi ki, dövlət başçısının Şəmkirə hər səfəri rəğbətlə qarşılanır. Yeni tikilmiş binada mənim övladım da təhsil alacaqdır. Əminəm ki, təzə məktəbdə təhsilin keyfiyyəti daha yüksək olacaq. Dövlətimiz tərəfindən belə bir məktəbin tikilib müəllim və şagirdlərin istifadəsinə verilməsi qürurverici haldır.

Dövlətimizin başçısının elə həmin gün Bərdə rayonuna səfəri zamanı bir çox obyektlərin açılışlarını etməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Bərdəli gənc Ayxan Musabəyli bizimlə söhbət zamanı söylədi ki, ölkəmizin inkişafını respublikamızın bütün bölgələrində hiss etmək olar. Bir bərdəli gənc olaraq qeyd etmək istəyirəm ki, son dövrlərdə Bərdə rayonunun sosial-iqtisadi inkişafı istiqamətində xeyli işlər görülmüş, yeni inzibati binalar, məktəblər tikilib istifadəyə verilmişdir. 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunması biz bərdəliləri qürurlandırır. Çünki Ulu Öndər Heydər Əliyev hər zaman bərdəlilərə diqqət və qayğı ilə yanaşmışdır. Ulu Öndər respublikamızda hər iki hakimiyyəti dönəmində 14 dəfə Bərdə rayonuna səfər etmiş, bərdəlilərin problemləri və qayğıları ilə maraqlanmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev 10 dəfə Bərdə rayonunda səfərdə olmuş və yenidənqurma işləri ilə tanış olmuş, yeni inzibati binaların, parkların açılış mərasimlərində iştirak etmiş və bərdəlilərə hər zaman diqqət göstərmişdir. Prezidentin belə səfərlərindən biri də 7 avqust 2023-cü ilə təsadüf etdi.

Bərdə rayonuna və biz bərdəlilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürümüzü bildiririk.

Vəli VƏLİYEV,

"Respublika".