Dövlət Xidmətində Ümummilli Liderə həsr olunmuş anım tədbiri
Sosial həyat

Dövlət Xidmətində Ümummilli Liderə həsr olunmuş anım tədbiri

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SHXÇDX-nin rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmət Aparatının şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə misilsiz xidmətlərə imza atdığını bildirib. Cəmiyyəti respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda birləşdirməyə nail olan Ümummilli Liderin hərbi sahəyə önəm verdiyini, müasir ordu quruculuğu prosesinin əsasını qoyduğunu diqqətə çatdırıb.

İşğal altında olan torpaqlarımızın Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinin Ulu Öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, siyasi qətiyyəti sayəsində reallaşdığı vurğulanıb.

M.MİRZƏ,

"Respublika".