Ədəbiyyat İnstitutu tərəfindən ilin birinci yarısında 49 kitab və monoqrafiya nəşr olunub
Elm və təhsil

Ədəbiyyat İnstitutu tərəfindən ilin birinci yarısında 49 kitab və monoqrafiya nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının müzakirəsinə həsr olunmuş Elmi şurasının iclası keçirilib. 23 iyun AMEA-nın məlumatında qeyd olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər haqqında məlumat verib, 2023-cü ilin birinci yarım ilinin Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı müəssisənin 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim edib. Bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq  institutun təşkilatçılığı ilə çoxsaylı beynəlxalq və respublika səviyyəli elmi konfrans, elmi sessiya, panel müzakirələri keçirilib, institutun əməkdaşları müxtəlif müəssisələrdə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə məruzələrlə çıxış ediblər.

Bildirilib ki, hesabat dövründə ümumilikdə 49 kitab və monoqrafiya, 46-sı xaricdə olmaqla 524 məqalə çap olunub. Ədəbiyyat İnstitutuna aid nəşrlər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına, orta məktəblərə hədiyyə olunub. Diqqətə çatdırılıb ki, institutda yeni kadrların hazırlanması istiqamətində ardıcıl işlər aparılıb, 6 magistr dissertasiya işini uğurla müdafiə edərək magistr dərəcəsi alıb. Bundan başqa, müəssisənin 3 əməkdaşı elmlər doktoru, 7 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini, 4 əməkdaşı isə dosent elmi adını alıb.

Həmçinin institut əməkdaşlarının təltifləri, qurumun yenilənmiş veb-saytının idarə edilməsi vəziyyəti, eləcə də sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatı və Azərbaycan ədəbiyyatşünslığının elmi tədqiqat resurslarının populyarlaşdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

“Respublika”.