Kilsə və keçmiş Qarabağ klanı Paşinyana qarşı
Siyasət

Kilsə və keçmiş Qarabağ klanı Paşinyana qarşı

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Təmaslarda Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bundan sonra sözügedən istiqamətdə işlər başlayıb. Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələrinin ərazilərində minatəmizləmə prosesinə start verilib, aprelin 23-də iki dövlət arasında ilk sərhəd dirəkləri quraşdırılıb. Baş verənlər isə "Qarabağ sevdalıları"nın aktivləşməsi ilə nəticələnib. İki ölkə arasında müşahidə edilən müsbət tendensiya revanşist-şovinistləri və onları "hərəkətə gətirənləri" narahat edib. Ermənistanda sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları başlayıb, nümayişçilər yolları bağlayaraq hökumətə etirazlarını bildiriblər.

Aksiyaların mərkəzində isə kilsə dayanır. Belə ki, erməni lobbisinin təsirində olan keşişlər insanların dini inanclarından istifadə etməklə  onları sülhlə bağlı məsələlərdə radikallığa səsləyirlər. Artıq kilsə ilə hakimiyyət arasında açıq müharibə gedir. Dini liderlər maliyyələşdirdikləri terrorçuları hökumətə qarşı səfərbər ediblər. Hazırda aksiyaların öndə gedən siması yeparxiya rəhbəri Baqrat Qalstanyandır. Onun əsas məqsədi erməni kilsəsini parçalamaq və katalikos olmaqdır. Bunun üçün isə sadə ermənilərdən istifadə edərək adını müəyyən dairələrə çatdırmaq, xaricdəki havadarlardan dəstək almaq niyyəti güdür. Onun keçirdiyi görüşlər də, əslində dərdinin sadə kəndlilər deyil, şəxsi ambisiyaları olduğunu büruzə verir.

Məlumdur ki, bir müddət sonra erməni kilsəsi katalikosu postuna seçki keçiriləcək. Qalstanyan belə oyunlarla xal qazanaraq səsvermədə qalib gələcəyinə ümid edir. Dini liderin keçirdiyi təmaslardan danışarkən, bu barədə son məlumatı da nəzərdən qaçırmaq olmaz. Belə ki, Qalstanyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşdüyünə dair erməni mətbuatında xəbərlər tirajlanır. Paşinyanın vəzifədən getməsi üçün əhalini hakimiyyət çevrilişinə səsləyən şəxsin Xocalı qatili ilə görüşü səbəbsiz ola bilməz. İndiki məqamda bu, genişmiqyaslı aksiyaların arxasında keçmiş Qarabağ klanının dayanmasının sübutu kimi dəyərləndirilə bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, tərəflər arasında əvvəllər də belə alış-veriş olub. Belə ki, bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci ildə keçirilən mətbuat konfransında bəyan etmişdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant erməni apostol kilsəsinin ruhani liderlərindən biri ola bilər. Çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Qalstanyanın adını hallandırması onun iştahasını əməlli-başlı artırmışdı. 2021-ci ildə Robert Köçəryan ölkədəki xaosdan istifadə edərək hakimiyyətə qayıdacağına ümid edirdi. Hətta razılaşdırılmışdı ki, bu plan baş tutsa, Baqrat da katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda "döyüşə atılıb".

Bununla belə, Ermənistanda kilsənin proseslərə həlledici təsiri yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, son dövrlərdə erməni kilsəsi daxilində də parçalanma var. Üstəlik, keçmiş Qarabağ klanı da erməni cəmiyyətində arzuolunan güc deyil. Yəni sadə xalq Köçəryan kimi qüvvələrin hakimiyyətə gəlməsi ilə də barışmayacaq. Odur ki, bu qüvvələrin Paşinyanı devirməsi mümkün görünmür. Lakin baş nazir ölkə daxilindəki problemlərdən xilas olmaq istəyirsə, o zaman Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesini sürətləndirməli, regional əməkdaşlığı dərinləşdirməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".