Erməni faşizminin mahiyyəti
Digər xəbərlər

Erməni faşizminin mahiyyəti

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.

Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 31 il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Xocalı soyqırımı ermənilərin əvvəlki illərdə xalqımıza qarşı törətdikləri amansızlıqların cəzasız qalması və erməni faşizminin anti-Azərbaycan siyasətinin məntiqi nəticəsidir. Belə ki, ermənilərin xalqımıza qarşı 1905-1907, 1918-1920, 1937, 1948-1953 və 1988-ci illərdə törətdikləri soyqırımlar, vəhşiliklər, terror hadisələri cəzasız qaldığı və havadarları tərəfindən müdafiə olunduqları üçün 26 fevral 1992-ci ildə Xocalı soyqırımına əl atmaqdan çəkinmədilər. Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırımı idi. Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər dinc azərbaycanlı öldürüldü. Onlardan 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 487 nəfər ömürlük şikəst olmuşdur. 1275 nəfər dinc sakin - qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz zülmə, işgəncələrə və təhqirlərə məruz qalmışdır. 8 ailə bütövlükdə məhv edilmişdir. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verildi. Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul etmişlər.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu.

Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.

Fərman ƏHMƏDZADƏ,

YAP Qax rayon təşkilatının

məsləhətçisi.