Erməni işğalının fəsadlarından biri də minalardır
Digər xəbərlər

Erməni işğalının fəsadlarından biri də minalardır

Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Azərbaycan dövlətinin qarşısında yeni çağırışlar meydana gəldi. Qədim dədə-baba yurdlarımızın talan edilməsi nəticəsində demək olar ki, həmin ərazilərdə insanların yaşaması üçün heç bir şərait qalmayıb. Tikinti və yenidənqurma işlərinə start verən ölkəmiz bununla paralel minatəmizləmə əməliyyatlarını da yerinə yetirir.

Məhz bu səbəbdən keçmiş məcburi köçkünlərin geri dönüşündə müəyyən yubanmalar olur. Azərbaycan tərəfi dəfələrlə Ermənistana bütün ərazilərin mina xəritələrini təqdim etməsilə bağlı təkliflər etsə də, lakin qarşı tərəf buna əməl etmir. Yalnız müəyyən ərazilərin mina xəritələri Azərbaycana təqdim edilmişdi. Ancaq burada da erməni fırıldaqçılığı və yalanı öz sözünü demiş oldu. İmza atdıqları müqaviləyə, dedikləri sözə hörmət qoymayan erməni rəhbərlər bu məsələdə də özlərinə məxsus xisləti ortaya qoydular. Sonradan məlum oldu ki, xəritələrin düzgünlüyü cəmi 20-25 faizdir. Ölkəmizə qarşı hər zaman terror hücumları edən erməni cinayətkarları torpaqlarımızı tərk edərkən də özlərindən sonra böyük bir terror izi qoyub gediblər. Suveren ərazilərimizdə yüzlərlə, minlərlə deyil, 1 milyondan artıq mina basdırılıb. Təbii ki, bundan ən çox zərər çəkən hərbi və mülki vətəndaşlarımızdır.

Hərbi toqquşmalara aidiyyəti olmayan qocalar, qadınlar və uşaqlar da zaman-zaman bu terrorun qurbanı olublar.

Təəssüflər olsun ki, beynəlxalq hüquq bu məsələdə də Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirir. Heç kim onlardan bunun haqq-hesabını tələb etmir. Bununla yanaşı, Azərbaycanın başbaşa qaldığı bu problemdə belə yardım əlini uzatmır. Səbəbi isə aydındır. İkili standartlar və qərəzli mövqe. Dünyanın hansı nöqtəsində olur-olsun müsəlman, türk qanı tökülürsə, həmin hadisə beynəlxalq təşkilatların və aparıcı ölkələrin gözündə əhəmiyyətsiz görünür.

Ermənistan üçtərəfli Bəyanatın imzalanmasından sonra da torpaqlarımızı minalarla çirkləndirməyə davam etmişdir. Ermənilər Bəyanatda müəyyən olunmuş tarixdə ərazilərimizi tərk edə bilmədikləri üçün dövlət başçımızdan icazə istəmişdilər. Ölkə rəhbərimiz bunu anlayışla qarşılamış və onlara əlavə vaxt verilmişdi. Şərəf və ləyaqətdən yoxsul olan erməni hərbi birləşmələri bu haldan sui-istifadə edərək həmin əraziləri minalarla çirkləndirmişdilər. Hətta 2022-ci ildə Zabux və Sus geri qaytarıldıqdan sonra 2021-ci il Ermənistan istehsalı olan minalar aşkar edilmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xarici səfərlərində, beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu məsələni daim gündəmə gətirmişdir. Elə iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən dövlətimizin başçısı qonaqların diqqətini erməni vəhşiliyinə yönəltdi: "...Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı...".

Dövlət başçısı, həmçinin qeyd edib ki, minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür: "Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dünyada mina terrorundan əziyyət çəkən ölkələrdən biri də Əlcəzair dövlətidir. 1832-1962-ci illər ərzində Əlcəzairdə müstəmləkə siyasəti həyata keçirən Fransa bu ərazilərdə milyonlarla mina basdırmışdır. Əlcəzairlilər də azərbaycanlılar kimi düşməni torpaqlarından qovmaq üçün çoxsaylı qurbanlar vermişdilər. Amansız qətillərə, cinayətlərə imza atan Fransa hökuməti bu gün də Əlcəzairdə yaşayan müsəlmanların həyatına ağır zərbələr vurmaqda davam edir. Saysız-hesabsız basdırılan minaların xəritələri Əlcəzair dövlətinə təqdim edilmir. Bununla da Fransa dövləti sanki keçmiş müstəmləkəsindən heyif çıxır. Fransa həm də Cənubi Qafqazla bağlı yazılan çirkin ssenarinin müəlliflərindəndir. İnsanların ölümündən, şikəst qalmasından zövq alan Fransa və Ermənistana qarşı bütün bəşəriyyətin əks mövqeydə dayanması və bütün bunların qarşısının alınması vacibdir.

Musa BAĞIRLI,

"Respublika".