Erməni lobbisinin pas atmış təbliğatı
Siyasət

Erməni lobbisinin pas atmış təbliğatı

Son 30 ildə Fransanın ölkəmizə qarşı olan qərəzli münasibəti hər kəsə bəllidir. Ermənistan müstəqillik qazandığı ilk gündən etibarən xarici himayəçilər üçün "forpost" rolunu oynayıb.

Bundan məharətlə istifadə edən dövlətlər isə bir növ İrəvanı uçuruma sürükləyir. Bu ölkələr arasında ermənipərəst mövqeyi ilə fərqlənən Fransa ilk sırada dayanır. Əsas məqsədi Cənubi Qafqaza müdaxilə etmək olan Paris Ermənistandan çirkin planlarını həyata keçirmək üçün istifadə edir. Mövcud reallığı dərk etmək istəməyən ermənilər isə görünür ki, uğradıqları hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmayıblar. Tarix boyu hansısa dövlətin himayəsində, kölgəsi altında qalmağı üstün tutan İrəvan Fransanın qanadının altına sığınır.

Paşinyan hakimiyyəti bu gün Fransaya qucaq açmaqla olmayan imicini bir az da yerlə-yeksan edir. Ermənistan başa düşmür ki, Fransanın regiondakı məsələlərə burnunu soxması hansısa bir ölkəyə yaxşı heç nə vəd etmədiyini təsdiqləyir. Bütün bunların müqabilində Paşinyan neokolonialist siyasət yürüdən Fransayla münasibətləri üstün tutur, Ermənistanın sonunu fikirləşmir. İki bacı arasındakı "dostluq" münasibətləri özünü Fransa mədəniyyət nazirinin İrəvana səfərində də büruzə verdi.

Fransanın xarici işlər naziri Ketrin Kolonnadan sonra ölkənin Livan əsilli mədəniyyət naziri Rima Əbdül Mələk də İrəvana səfər edib. Onunla eyni təyyarədə isə Ann-Lorans Petel olub. Sözügedən şəxs anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədridir. O, həm də Fransadakı erməni lobbisinin sözçüsüdür. Bu o deməkdir ki, erməni lobbisi Rima Əbdül Mələyi İrəvana yollayır və nazir məhz ona verilən məlumat və tezislər əsasında bəyanat səsləndirir. Müsəlman nazirin Qarabağla bağlı səsləndirdiyi bəyanatın ruhu da erməni lobbisinin çürümüş, pas atmış təbliğatının təkrarıdır.

Yekun nəticədə qeyd etməliyik ki, nazir Rima Əbdül Mələyin Ermənistana gəlişinin səbəbi ermənilərə güc vermək imiş. Ona görə də Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və həmin abidələri qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Çox gülünc haldır ki, Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın mədəni, tarixi irsinə qarşı görünməmiş vandallıqlar törədən Ermənistanı yada salmayıb, Azərbaycanı hansısa olmayan hadisədə günahkar bilir. Üstəlik Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir. Həqiqətən də Fransa dövləti rəzil durumdadır.

Bir məqamı da nəzərə alaq ki, bu gün Fransa başda olmaqla Azərbaycana qarşı siyasət yürüdən ölkələrin öz daxilində insan və vətəndaş haqları pozulur. Belə olduğu halda, görəsən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə həmin dövlətlərdəki Fransanın etnik və dini zorakılıqları ilə bağlı araşdırma aparmır? Şübhəsiz, özünü demokratik ölkə kimi qələmə verən Fransa neokolonialist siyasəti nəticəsində müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, Fransa müstəmləkəçiliyinin qurbanına çevrilənlər ən qəddar vasitələrlə ram edilməklə, insanlığa sığmayan mühafizəkar qanunlarla idarə olunub. Bundan başqa, həmin yerlərin təbii sərvətləri talanıb, etiraz edənlərə zor tətbiq olunub. Son olaraq xatırlatmaq yerinə düşər ki, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandadakı daxili qarşıdurma və soyqırımlarında da məsuliyyət birbaşa Fransanın üzərinə düşür.

Röya RÜSTƏMLİ,

"Respublika".