Ermənipərəst qüvvələrin absurd qərarları
Siyasət

Ermənipərəst qüvvələrin absurd qərarları

Amerika Birləşmiş Ştatları tarix boyu ədalətsizliyi, haqsızlığı dəstəkləyib. Təkcə Cənubi Qafqazda deyil, dünyanın bütün regionlarına fəlakətlər gətirib. 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, münaqişənin həllinə doğru addım atmayan ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində Fransa və Rusiya ilə birlikdə Azərbaycanı öz torpaqlarının işğalı prosesi ilə barışmağa sövq edən qüvvə də ABŞ olub.

ABŞ Senatında və Konqresində Amerikadakı erməni lobbisinin təsiri altında olan xeyli sayda siyasətçilər var. Əlbəttə ki, bu tip siyasətçilərdən haqq-ədalət, obyektivlik və dürüstlük gözləyə bilmərik. Özəlliklə Ermənistan hakimiyyətinə sorosçuları gətirdikdən sonra imperialistlər tamamilə ermənipərəst mövqe tutmağa çalışırlar. Xüsusilə, Azərbaycanın reallaşdırdığı antiterror tədbirlərindən sonra ölkəmizə qarşı ritorikanın bu qədər sərtləşməsi əminlik yaradır ki, Fransa kimi Amerika Birləşmiş Ştatları da Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsini həzm edə bilmir.

"Dağlıq Qarabağ"ın gələcəyi" mövzusunda hansısa dinləmənin keçirilməsi absurddur. Çünki Qarabağ Azərbaycan ərazisidir və "Dağlıq Qarabağ" məfhumu mövcud deyil. Digər tərəfdən, guya Amerika Birləşmiş Ştatları indiyə qədər Azərbaycana hansı böyük yardımlar edirdi ki, indi həmin yardımlarla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyir? Görünür ki, Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsi ABŞ-ı çox ciddi narahat edir və onlar Ermənistandakı sorosçular vasitəsilə bölgədə təmsil olunmaq üçün bütün beynəlxalq hüququ tapdalayaraq bu tip absurd qərarlar verirlər.

Tural İSMAYILOV,

politoloq.