Ermənistan
Siyasət

Ermənistan "dəmir yumruq" qarşısında aciz duruma düşüb

30 il əvvəl - keçmiş SSRİ-nin dağıldığı və sovet respublikalarının yenicə müstəqillik qazandığı dövrdə Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal etdi. Həmin dövrdə Azərbaycanda hökm sürən hakimiyyət uğrunda mübarizə Rusiyanın himayə etdiyi Ermənistanın işğalçılıq planlarının reallaşdırılmasını asanlaşdırırdı. Nəticədə, Ermənistan Azərbaycanın 20 faiz ərazilərini 30 ilə yaxın bir müddətdə işğal altında saxladı. Tarix indi eynilə təkrar olunur. Ermənistanda hakimiyyət uğrunda mübarizə ölkədaxili xaosa yol açıb. İrəvanın Kremllə münasibətləri korlanıb, Rusiya daha Ermənistana əvvəlki dəstəyi vermək istəmir.

''Hazırda Ermənistan Azərbaycanın "dəmir yumruğu" qarşısında aciz duruma düşüb. Ermənistanın beynəlxalq himayədarları da artıq Ermənistanı əvvəlki kimi müdafiə edə bilmirlər. Azərbaycanın beynəlxalq məkanda güclənən nüfuzu və Qərb ölkələri üçün artan əhəmiyyəti, Ermənistanı ənənəvi dəstəkdən məhrum edir. Və Ermənistan rəsmi idarəçilik mexanizmlərini də artıq itirməyə başlayıb. Ermənistanda ümumiyyətlə, siyasi idarəçilik sisteminin olmadığı Azərbaycanın "dəmir yumruq" zərbəsi sayəsində qabarıq şəkildə ortaya çıxmaqdadır. Bu reallıq BMT Təhlükəsizlik Şurasında bu günlərdə aparılan müzakirələrdə də Ermənistanı beynəlxalq məkanda utanc duruma saldı''. Bu fikri açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib. O deyib ki, Ermənistan və onun himayədarı Fransa BMT Təhlükəsizlik Şurasında keçirilən "Qarabağ müzakirələri"ni böyük fərqlə uduzdular. Yəni, Azərbaycan diplomatiyası Ermənistanı BMT Təhlükəsizlik Şurasında yalançı və iftiraçı tərəf durumuna salıb, biabır etdi. Ermənistan dövlətinin gələcək taleyinə qarşı ciddi təhlükələr mövcuddur. Hazırda İrəvanın Qərbə yaxınlaşmaq cəhdləri Ermənistanı onun hərbi müttəfiqi olan Rusiyanın açıq hədəfinə çevirib. Və bunu baş nazir Nikol Paşinyan da birmənalı şəkildə bəyan etməkdədir.

44 günlük müharibədən sonra ermənilər baş verənlərdən dərs almalı idilər. Amma onlar nə etdilər? Yenə də murdar əməllərindən əl çəkmədilər. Azərbaycan ötən 3 il ərzində nə qədər itkilər verdi, onların bu xain fəaliyyətinin nəticəsində 300-dən artıq insan mina qurbanı oldu. Əgər erməni caniləri yol çəkənlərin, asayişi qoruyanların ayağının altında mina basdırmasaydılar 24 saatlıq antiterror tədbirləri keçirilməyə bilərdi.

İndi Qarabağda yaşayan etnik ermənilərin qarşısında duran əsas vəzifə İlham Əliyevin uzatdığı sülh əlini tutub Azərbaycan vətəndaşlığını qəbul etmək və ya Azərbaycan ərazilərini birdəfəlik tərk etməkdir. Çünki İlham Əliyev bildirmişdir ki, cinayətdə iştirakı olmayan dinc ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onların hüquq və azadlıqları təmin ediləcək. Hətta antiterror tədbirləri zamanı və ondan sonrakı günlərdə köməyə ehtiyac duyan mülki ermənilərə yardım edilməsi, yaralıların təxliyəsi, onlara ərzaq çatdırılması və s. Azərbaycan dövlətinin millətindən asılı olmayaraq, öz vətəndaşına sahib çıxmaq əzmində olduğunu bir daha sübut etdi. Baxmayaraq ki, ermənilər nə Ermənistandakı, nə də Qarabağdakı azərbaycanlılara, öz yurd-yuvasından didərgin saldıqları insanlara qarşı bu humanizmin milyonda birini göstərməmişdilər, onları qətlə yetirmiş, ayaqyalın, başıaçıq didərgin salmışdılar, evlərini talamışdılar. Amma Azərbaycan dövləti ermənilərin zülmlərinə zülmlə qarşılıq vermədi, dünyaya nümunə olacaq şəkildə qarşılıq verdi.

Sərdar Ünsal deyib ki, çox təəssüflər olsun ki, Yevlax görüşündən sonra bəzi silahlı qrupların döyüşməyə davam edəcəyi, tabe olmayacağı haqqında xəbərləri də eşidirik. Ceyhun Bayramovun da BMT TŞ-nin iclasında və Baş Assambleyada ifadə etdiyi kimi, Azərbaycanın beynəlxalq hüquqa görə öz ərazisini, suverenliyini, vətəndaşlarını qorumaq üçün siyasi və hərbi yollardan istifadə haqqı var. İnanıram ki, Yevlax prosesi illərlə davam edəcək danışıqlar mərhələsi deyil və Azərbaycanın artıq oturub gözləməyə nə səbri, nə də vaxtı var. Çox qürurverici haldır ki, Azərbaycan bayrağı bu gün Qarabağda və ətraf ərazilərdə dalğalanır. Bunun başqa alternativi də yoxdur. Türkiyə də Azərbaycanın bu haqlı mübarizəsində hər zaman yanında olacaq.

Sonda dərnək rəhbəri vurğulayıb ki, Azərbaycan Türkiyə üçün həm də ən yaxın müttəfiqdir. Mədəniyyətlərimizin, adət-ənənələrimizin, coğrafiyamızın yaxınlığı əməkdaşlığımızı, müttəfiqliyimizi daha da gücləndirməyə rəvac verir. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyənin ən böyük istəyi idi və bu reallaşdı.

 

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.