Ermənistanda antiiqtidar koalisiyası genişlənir
Digər xəbərlər

Ermənistanda antiiqtidar koalisiyası genişlənir

44 günlük Vətən müharibəsindən sonra dünya birliyinin Azərbaycana olan münasibəti demək olar ki, tamamilə dəyişib. Bəzi qərb ölkələri istisna olmaqla, ölkəmizin beynəlxalq əlaqələri şaxələnib, tərəfdaşlarının sayı xeyli artıb. Türk dövlətləri ilə əməkdaşlığa böyük önəm verən dövlətimiz digər ölkələrlə dostluq, səmimiyyət əsasında yeni münasibətlərin yaranmasına bütün sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinə səy göstərir. Bu gün Azərbaycan beynəlxalq aləmdə sülhpərvər ölkə, etibarlı tərəfdaş güclü təbii potensiala malik ölkə olaraq qəbul edilir. Xalqın rifah halının yüksəlməsi, arzu istəklərinin həyata keçirilməsi ölkə vətəndaşlarının mənafeyini hər şeydən üstün tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət kursunun ana xəttini təşkil edir. Bunun ən bariz nümunəsi ərazi bütövlüyümüzün təmin olunması, İkinci Qarabağ müharibəsində şanlı qələbənin qazanılmasında öz əksini tamamilə tapdı. Böyükdən-kiçiyə hər bir vətəndaşın Prezidenti olmağı bacaran İlham Əliyev xalqımızın 30 illik yurd həsrətinə son qoymaqla xalq-iqtidar birliyini daha da möhkəmləndirdi. Azərbaycanda təmiz, şəffaf, xalqın mənafeyinə xidmət edən dövlət siyasətinin yürüdülməsi ölkəmizi tərəqqiyə gedən yolun yeni mərhələsinə yüksəltdi.

Qonşu Ermənistan isə bu göstəricilərdən tamamilə fərqli bir durumdadır. İnqilab nəticəsində hakimiyyətə gələn, "Qarabağ Ermənistandır üç nöqtə" deməklə Şuşada "andiçmə mərasimi" keçirərək özünü xalqın gözündə ucaltmağa çalışan, Azərbaycanın sərvətlərini talan edib xalqına güzəran yaradan baş nazirin aqibəti heç ürəkaçan deyil. İkinci Qarabağ müharibəsində hansı bucaqda olmasından asılı olmayaraq, imzaladığı kapitulyasiya aktından sonra Paşinyanın hərbi diplomatiyada uğursuzluğu cəmiyyət arasında nüfuzunu heçə endirdi. Bir tərəfdən daha Cıdır düzündə yallı gedə bilməməsi, digər tərəfdən 3 ilə yaxındır ki, xalqına həm maddi, həm mənəvi əzab çəkdirməsi yarıtmaz baş nazirin əleyhinə olan qüvvələrin gündən-günə daha da artmasına gətirib çıxarır. Lakin yanan əlini ağzına təpən Paşinyan ora-bura vurnuxur, öz xislətinə uyğun olan Fransa İranın ətəyindən yapışaraq onlardan kömək umaraq əleyhdarlarının qarşısını almaq, xalqı susdurmaq üçün hər cür vasitəyə əl atır. Belə ki, İranın Ermənistan sərhədlərini özünün qırmızı xətti elan etməsi, Fransanın Azərbaycan ərazisində yaşayan ermənilərə xüsusi statusun verilməsi ilə bağlı canfəşanlığı da baş nazirin karına gəlmir. Ermənistanda antiiqtidar koalisiyası daha da genişlənir. Öz sələfləri olan Robert Köçəryandan, Serj Sarkisyandan heç fərqli olmayan, erməni xalqını tarixin zibilliklərinə yuvarlayan, yalanlarına insanları inandırmağa çalışan Nikol Paşinyan ölkəsində ictimai-siyasi vəziyyəti gündən-günə daha da gərginləşdirir.

Əslində, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra ölkədə siyasi böhran, daxili çaxnaşmalar yaranmış, 20- yaxın siyasi partiya birgə bəyanat yayaraq hökumətin baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdir. İstər hakim siyasi elita, istər elmi təbəqə, istərsə Azərbaycanla müharibədə ağır itkilər verən xalq baş nazirin fəaliyyətinə etirazlarını açıq şəkildə bildirmiş, hərbi-siyasi rəhbərliyin mövcud problemlərin öhdəsindən gələ bilmədiyindən Paşinyan onun kabinetinin könüllü dinc şəkildə istefasını, dərhal yeni hökumətin qurulmasını tələb etmişdilər. Bu gün Paşinyanın bəzi qərb ölkələrinin əlində oyuncağa çevrilməsindən əziyyət çəkən xalq bu oyunbazın məqsədinin erməni xalqının maraqlarına xidmət etmək olmadığını yaxşı bilir. Ermənistan baş nazirinin gah Rusiyaya, gah da qərbə meyil etməsi onun uğursuz fəaliyyətini, həm ölkənin müstəqil olmadığını göstərir. Belə ki, küçə yürüşləri, mitinqlər, kütləvi aksiyalarla baş nazir pilləsinə gəlmiş Paşinyanın Soros tərəfindən dəstək aldığı hər kəsə aydındır. Ölkə başçımız İlham Əliyev bu barədə demişdir: "Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur".

Ermənistanın istər Sorosun məhsulu, istərsə Fransanın, İranın müttəfiqi olması bunun fonunda heç bir destruktiv dairələr katalizator rolunu oynayan qüvvələr Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasətinə mane ola bilməz. Tarix boyu oyuncaq kimi istifadə olunan Ermənistan anlamalıdır ki, Cənubi Qafqazda söz sahibi, dünya birliyində böyük nüfuza malik olan Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişini imzalamaq sərhədlərin müəyyən edilməsi ilə mehriban qonşuluq şəraitindən yaşamaqdan savayı başqa çıxış yolu yoxdur. Çünki artıq erməni yalanlarına, onların "timsah göz yaşları"na inananların sayı getdikcə azalır, Ermənistan qədər riyakarlıq etsə , əsassız iddialar irəli sürsə , Azərbaycanın haqq, ədalət carçısı olduğu bütün dünyaya bəllidir. Eyni zamanda ölkədaxili rəydə Paşinyanın reytinqi sürətlə aşağı enir. Çünki baş nazirin iqtisadi rifahın yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməsi ilə yanaşı, beynəlxalq ictimaiyyətdə öz mövqeyinin olmaması artıq antiiqtidar koalisiyasının qarşısının alınmasını mümkünsüz edir. Odur ki, Paşinyan yaxşı-yaxşı fikirləşməli, üçtərəfli Bəyanatın müddəalarına əməl etməlidir. Bu zaman Ermənistanın Azərbaycanla, həm Türkiyə ilə əlaqələri normallaşar ki, bunun nəticəsində ölkə böhran vəziyyətindən çıxar, xalqın güzəranı yaxşılaşar. Bəlkə bu, Paşinyanı xalqın qəzəbindən qurtara

Mehparə ƏLİYEVA,

"Respublika".