Ermənistanda böhran yaşanır
Siyasət

Ermənistanda böhran yaşanır

Yenə də payızdır. Fəsillərin bollusu, bərəkətlisi. Qoy, sözlərim sizə şit, bayağı təsir bağışlamasın, səmimi deyirəm, başqalarını bilmirəm, ömrümün ötən 35 ilinin payızının gözəlliyini doyunca içimə çəkə bilməmişəm.

Qəlbi sınıq, kimsəsiz, yetim insana kənardan deyilən xoş sözlər yalnız təsəlli kimi görünüb, itirdiklərini geri qaytara bilmədiyi tək Qarabağsız illərimiz də içimizdə bir boşluq yaradıb və beynəlxalq qurumların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri də təsəllidən başqa bir şey olmayıb. Bu payız başqa bir payızdır, 35 il əvvəlin payızına bənzəməz. 1988-ci ilin payızını deyirəm... Düz 35 il əvvəl Şuşanın Topxana meşəsində çalınan düşmən baltaları nəhayət, onun öz kürəyinə saplandı, xalqımızın müstəqillik, suverenlik uğrunda mübarizəsi qələbə ilə bitdi. Vətən müharibəsindəki tarixi qələbədən düz 3 il, ermənilərin Azərbaycana qarşı torpaq iddialarının başlamasından isə 35 il sonra Qarabağ əsl azadlığına qovuşdu, "qurd-quş"dan təmizləndi, başı üzərinə üçrəngli bayrağımız sancıldı...

Ermənilər xalqımıza qarşı deportasiya siyasətinin növbəti mərhələsinə 1988-ci ildə başladı və onu 1992-ci ildə başa çatdırdı. Bir milyonadək azərbaycanlı didərgin düşdü, torpaqlarımızın 20 faizi zəbt edildi. Bu işğal 30 il davam etdi. Havadarlarına arxalanan ermənilər beynəlxalq təşkilatların onların işğala son qoymaq tələblərinə əhəmiyyət vermədilər. Nəhayət, Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı. Özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, çox güman ki, həmin qətnamələr hələ bir o qədər də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar da ölkəmizin ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul etmişdi. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə qətnamələr qəbul etmişdi. 2020-ci ildə ərazilərimizi azad edərkən də görülən tədbirlər buna tam uyğun idi.

Ötən 30 il ərzində Ermənistan "status-kvo"nu möhkəmləndirməyə, danışıqlar formatından yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi. Doğrudur, əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son illərdə bir qarış torpağımızın belə qaytarılmayacağını açıq şəkildə bəyan edirdi. "Qarabağ Ermənistandır və nöqtə". Ermənistanın baş nazirinin verdiyi bu bəyanat 30 il çəkən boş danışıqların sonu oldu. "Yeni ərazilər uğrunda, yeni müharibələr" çağırışı ilə savaşa hazırlaşdıqlarını bəyan edən ermənilər Azərbaycanı buna vadar edirdi. Necə deyərlər, "Keçinin əcəli yetəndə buynuzunu çobanın dəyənəyinə sürtər" el məsəlindəki kimi, hayların da "buynuzu" qaşınırdı...

Vətən müharibəsindən sonra çox şey dəyişdi, yeni reallıqlar yarandı, "dostlar", "düşmənlər" yerlərini dəyişdi. Yəni dost düşmənə, düşmən dosta çevrildi. Məğlubiyyət aktına imza atan Ermənistan çölün düzünə çıxıb özünə yeni dost axtarışına başladı, fikirlər haçalandı. İndi ölkə ciddi şəkildə demoqrafik problemlə də üz-üzədir. Deyilənə görə, hətta Ermənistan əhalisi qocalmış ölkələr sırasında da yer alır. Bunu isə Qarabağdakı erməni separatçı dəstəsinin keçmiş "parlament sədri" olduğunu iddia edən Artur Tovmasyan deyib. O qeyd edib ki, Ermənistan demoqrafik böhranın astanasındadır: "Birləşmiş Millətlər Təşkilatının rəyinə əsasən, yaşı 65 və yuxarı olan insanların sayının ümumi əhalinin 7 faizindən çox olduğu ölkənin əhalisi qoca hesab edilir. Ermənistanda isə hazırda bu rəqəm 11-12 faiz təşkil edir. Beynəlxalq hesabatlar və statistik məlumatlar Ermənistanın demoqrafik böhranın astanasında olduğunu sübut edir".

Ermənistan həm də xaos içərisindədir. Qarabağ iqtisadi rayonunda Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə yerləşən qanunsuz Ermənistan silahlı qüvvələri birləşmələrinin varlığına son qoyulması İrəvanda vəziyyəti qarışdırıb. Müxalif qüvvələr vəziyyətdən istifadə edib Nikol Paşinyan hakimiyyətinə son qoymağa can atırlar. Bu səbəbdən də hakimiyyət əleyhinə aksiyalar davam edir.

İrəvanın mərkəzi meydanında kütləvi etiraz aksiyaçıları hökumət əleyhinə şüarlar səsləndirir, Paşinyanın istefasını tələb edirlər. "Hraparak" nəşri yazır ki, Paşinyan hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarı ilə görüşüb. O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacaq.

Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfirliyinin fəaliyyətini də iflic ediblər. Səfirlik bəyanatla çıxış edərək Ermənistan Xarici İşlər Nazirliyindən diplomatik nümayəndəliyin fəaliyyətinin bərpası üçün təcili tədbirlər görülməsini tələb edib. Etiraz aksiyaları ölkənin digər şəhərlərini də bürüyüb. "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyan canlı efirdə ölkə vətəndaşlarını İrəvanda və regionlarda işçi tətillərinə çağırıb: "Aksiya çox kütləvi olmalıdır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərək və yeni hökumət formalaşdıraq". O, qeyd edib ki, bu gün müxalifətin ən başlıca məqsədi Paşinyanı istefaya göndərməkdən ibarət olmaldır.

"Hraparak" nəşri isə yazır ki, indiki halda Paşinyan Müdafiə Nazirliyinin bunkerində gizlənib. Ola da bilər, çünki Nikol gizlində iş görməyə adətkardadır. Elə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatını da xalqdan gizlin imzalamışdı.

Ekspertlər hesab edirlər ki, Paşinyanın gizlənməkdən başqa çarəsi yoxdur, çünki o, Qarabağ məsələsində dişsiz olduğunu bütün dünyaya göstərdi. 24 saat ərzində baş verənlər Ermənistana və dünya ermənilərinə dərs olmalıdır. Çünki dəfələrlə məğlub olmalarına baxmayaraq, öz iddialarından əl çəkmirdilər. Paşinyanı nə gözlədiyini qabaqcadan söyləmək çətindir, ancaq dövlət çevrilişi, sui-qəsd və digər amillər də istisna edilmir...

Bəli, bu payız başqa bir payızdır, 35 il əvvəl Cıdır düzündə, Topxana meşəsində çalınan baltalar indi Paşinyanın kürəyinə saplana bilər. 2023-cü ilin payızını isə mən çox sevdim, çünki o daha bol, daha bərəkətlidir. Qələbə üstünə qələbə gətirən bu payız bizə əsl suverenliyin qürurunu yaşadır...

Zümrüd QURBANQIZI,

"Respublika".