Ermənistanın beynəlxalq yarışlara evsahibliyi etməsinə qadağa qoyulmalıdır
Region

Ermənistanın beynəlxalq yarışlara evsahibliyi etməsinə qadağa qoyulmalıdır

“İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması erməni vəhşiliyinin növbəti bir nümunəsi idi. Bununla da bütün dünya əsl erməni xislətinin iç üzünü bir daha gördü”.

Bunu bizimlə söhbətində  Milli Məclisin deputatı,  BDU-nun kafedra müdiri,  professor Kamilə Əliyeva deyib. Deputat bildirib ki, hadisənin Ermənistanın dövlət nümayəndələri və hökumət başçısının gözü qarşısında baş verməsi və bayrağı yandıran şəxsin hökumət nümayəndələri ilə yaxın münasibətdə olması sübut edir ki, bu, əvvəlcədən hazırlanmış bir aksiya idi. Əgər belə olmasaydı həmin şəxs əsl qəhrəman kimi qarşılanıb alqışlanmazdı. Düşünürəm ki, bu hadisədən sonra beynəlxalq idman təşkilatları Ermənistanın beynəlxalq yarışlara evsahibliyi etməsinə qadağa qoymalıdır. Ermənistanda baş verən bu cür hadisələr göstərir ki, hələ də bu ölkədə revanşist qüvvələr mövcuddur və onlar erməni xalqını hər zaman Azərbaycana qarşı düşmənçiliyə sövq edir. Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman xalqlar arasında dostluq münasibətlərinin qurulmasının tərəfdarı olmuşdur.

2015-ci ildə Bakıda keçirilən Avropa oyunları zamanı Prezident İlham Əliyev  boks yarışlarında qalib gələn erməniəsilli idmançının boynuna medalı şəxsən özü asmış, zalda əyləşən azərbaycanlı azarkeşlər ölkə başçımızın bu jestini alqışlarla qarşılamışdır. Bu, ölkə başçımız İlham Əliyevin böyük şəxsiyyət, Azərbaycan xalqının sülhsevər xalq olduğunun bariz nümunəsi idi.

Deputat qeyd edib ki, iki türkiyəli atletin qızıl və gümüş medal qazanaraq İrəvanda Türkiyənin bayrağını qaldırıb himnini səsləndirməsi və bu qalibiyyətlərini Azərbaycana həsr etmələri hər birimizdə qürur hissi yaratdı. Bu hadisə bayrağımızı yandıran ermənilərin özlərini yandırmış oldu. Azərbaycan olmayan yerdə Türkiyənin qalibiyyəti Azərbaycanın da qalibiyyəti deməkdir. Prezident cənab İlham Əliyev  və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyə atletlərini təbrik etmişlər.

M.NƏRİMANOĞLU,

“Respublika”.