Ermənistanın ikiüzlü siyasəti
Siyasət

Ermənistanın ikiüzlü siyasəti

Türkiyə

Cənubi Qafqaz uğrunda mübarizə zaman keçdikcə, daha da kəskinləşir. Belə ki, ABŞ və Qərb regionda cərəyan edən geopolitik proseslərə artıq açıq şəkildə müdaxilə etməyə başlayıb. Qərb bu regionu Rusiya ilə növbəti qarşıdurma məkanına çevirmək hədəfinə yaxınlaşmış kimi görünür. Hazırda Cənubi Qafqazla bağlı əsas proseslər məhz Ermənistanın ətrafında cərəyan edir.

ABŞ və Qərb Ermənistanı Rusiyanın əleyhinə qaldırmağa çalışır. Böyük Britaniya Rusiya ilə qarşıdurmada Ermənistana hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. ABŞ da İrəvana dəstək ifadə etmək istiqamətində müəyyən addımlar atır. Ağ Ev Ermənistanda "iqtisadiyyatın və demokratiyanın inkişafı"na yardım etmək məqsədilə 52 milyon dollarlıq maliyyə vəsaiti ayırmaq niyyətində olduğunu bəyan edib. Ancaq bu məbləğə Ermənistanda nə iqtisadiyyatı, nə də demokratiyanı inkişaf etdirmək mümkün deyil.

"Ağ Ev Paşinyan hakimiyyətinə sadəcə müəyyən bəhanələrlə vəsait ayırır. Əsas məqsəd isə İrəvana ABŞ-ın Ermənistanın arxasında olduğunu hiss etdirmək və Paşinyan hakimiyyətini Rusiyaya qarşı daha sərt mövqe tutmağa həvəsləndirməkdir. Ağ Ev bu yolla İrəvana verdiyi təlimatların icrasına yol açmağa çalışır və hazırda Paşinyan hakimiyyətindən Rusiyanın Ermənistandakı hərbi iştirakının mümkün qədər məhdudlaşdırılmasına nail olmaq tələb edilir". Bu fikri mövzu ilə bağlı açıqlamasında siyasi ekspert Bilgehan Öztürk vurğulayıb. O deyib ki, artıq İrəvan Rusiyaya qarşı növbəti ciddi addımını atıb. Kreml üçün nə qədər gözlənilməz olsa da, Paşinyan hakimiyyəti Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı rəsmi tələbini Moskvaya göndərib. Tələbə görə, Rusiya sərhədçiləri payıza qədər İrəvan hava limanını tərk etməlidirlər. Hətta Rusiya ictimai-siyasi dairələrində belə, müəyyən mənada, bu tələb çaşqınlıq və təəccüblə qarşılanıb. Mənə elə gəlir ki, Ermənistan Rusiyaya belə açıq və saymazyana xəyanətin cəzasını mütləq çəkəcək. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov: "Ermənistan ya Rusiya, ya da Qərblə olduğuna qəti qərar verməlidir ki, biz də addımlarımızı ona görə atacağıq", - deyib və Kremlin səbrinin tükənmək üzrə olduğuna işarə vurub. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova isə İrəvana ABŞ və Qərbin yalan vədlərinə aldanıb, yanlış addımlar atmamağı məsləhət görüb. O, İrəvanın yanlış davranışlarının mümkün nəticələri ilə bağlı Ukraynanın başına gətirilənləri də örnək göstərib.

"Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Rusiyaya qarşı avantürist siyasət yürüdür. O, Ermənistanın KTMT-dən çıxmaq niyyətini qətiyyən gizlətmir. Erməni baş nazir bəyan edib ki, bu, 2024-cü ilin sonuna qədər baş verə bilər. İrəvan qəbul etdiyi qərarın siyasi-hüquqi məsuliyyətini məhz Rusiyanın və KTMT-nin üzərinə yükləməyə çalışır. Belə ki, İrəvan KTMT-dən tələb edir ki, bu qurum Ermənistanla bağlı məsuliyyət zonasını elan etsin. Nikol Paşinyan bu tələbini Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrə müdaxilə etməməsi ilə əsaslandırmağa çalışır. O, ultimativ şəkildə vurğulayıb ki, rəsmi İrəvan öz tələbinə reaksiya almazsa, Ermənistan KTMT-ni tərk edəcək. Mənə elə gəlir ki, Paşinyan hakimiyyəti KTMT-ni ya İrəvanın maraqlarına alət olmağa, ya da Ermənistanın bu qurumu müqavimətsiz tərk etməsi ilə barışmağa məcbur etməyə cəhd göstərir. Bu məqsədlərinə nail olmaq üçün isə Paşinyan hakimiyyəti erməni şantaj potensialını tam şəkildə işə salıb".

Son günlər Hindistan raketlərinin Ermənistana İran üzərindən göndərilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən siyasi ekspert deyib ki, İran bu planın gerçəkləşməsinə imkan verməməlidir, çünki bu silahlar Azərbaycanın müsəlman əhalisinə tuşlanmaq üçün göndərilir. Belə olan halda, Hindistan pul qazanacaq, Ermənistan silah tədarük edəcək, İranın isə heç bir qazancı olmayacaq. Strateji baxımdan İran çox da uzaq olmayan perspektivdə bunun ziyanını çəkəcək. Çünki Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesi gedir, İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə dəstək verir. Bu isə Qafqazda sülhün bərqərar olmasına ziddir. Həmçinin İranın özünə də problemlər yarada bilər.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.