Fransa neokolonializminə ciddi zərbə
Siyasət

Fransa neokolonializminə ciddi zərbə

Müasir dövrdə müstəmləkəçilik siyasətini davam etdirən ölkələrdən biri də Fransadır. Maraqlı burasıdır ki, bu ölkə xalqların öz müqəddəratını təyinetmə hüququnu tez-tez gündəmə gətirir. Lakin Fransanın keçmişdə və bu gün də yürütdüyü siyasətə nəzər saldıqda, bunun tam əksini görürük.

Fransa tarixin müxtəlif dövrlərində ölkələri işğal edib, aborigen xalqa qarşı amansız qətliamlar həyata keçirib, hədə-qorxu ilə öz müstəmləkəsi altında saxlamağa çalışıb. Bununla da rəsmi Paris zəbt etdiyi torpaqlarda yerli əhalinin hüquqlarını tapdalamaqla yanaşı, həm də onlara məxsus təbii sərvətlərdən yararlanıb. Yelisey sarayı hələ də bəzi ölkələrin iqtisadi, sosial, siyasi və mədəni işlərinə qarışmaqda davam edir və bu məsələdə olduqca israrlıdır.

1-3 may tarixlərində Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışında bir çox mühüm məsələləri, o cümlədən Avropanın bir neçə ölkəsi tərəfindən həyata keçirilən neokolonializm siyasətinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır və ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır.

Azərbaycan dünyanın ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə qlobal miqyasda imperializm və müstəmləkəçilik siyasətinə qarşı sərt mövqe tutub, fransız neokolonializminə ciddi zərbə vurub. Bu məqamda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasını xüsusi qeyd etmək lazımdır.

Fransanın müstəmləkə siyasətinin qurbanına çevrilən əsasən Afrika materikində yerləşən ölkələrdir. Fransa üç əsr boyunca təxminən qitənin üçdəbirini işğal altında saxlayıb. Seneqal, Fildişi sahili və Benin kimi ölkələr Parisin qul ticarətinin əsas mərkəzləri sayılıb.

Müsəlman dövləti olan Əlcəzair uzun illər Fransadan asılılığa qarşı mübarizə aparıb və nəhayət, öz müstəqilliyini əldə edib. Lakin bu, əlcəzairlilər üçün heç də asan başa gəlməyib. Fransa burada qırğınlar törədib, milyonlarla insan öldürülüb. Hesablamalara görə, törədilən soyqırımı aktlarında beş milyondan çox insan həlak olub.

Aparılan mübarizələrə baxmayaraq, hələ də Fransanın müstəmləkəçiliyindən azad ola bilməyən ölkələr var. Məsələn, Yeni Kaledoniya illərdir Parisə qarşı etiraz aksiyaları keçirsə də onların istəkləri təmin olunmur.

Amma son illər rəsmi Parisin bu məsələdə bir sıra itkilərə məruz qaldığını da demək olar. Belə ki, son iki ildə Makron hökuməti Mali, Burkina Faso və Nigerdən qoşunlarını çıxarmaq məcburiyyətində qalıb. Bu da Fransanın Afrika materikindəki neokolonializm siyasətinin uçuruma yuvarlandığını göstərir. Fransanın Afrika qitəsində müstəmləkə siyasətinin fiaskoya uğradığının daha bir sübutu Qabonun qərarıdır. Qabonda formalaşan yeni hökumət Parisin hərbi bazasının ölkəni tam tərk etməsini tələb edib. Burada Makronyönümlü hakimiyyət devrildikdən sonra sözügedən ölkə azadlığı əsas şüar olaraq seçib. İki yüz ilə yaxın Fransanın əsarəti altında olan Qabon hərbi çevrilişdən sonra demokratiyaya keçiddə israrlı görünür. Və bu istiqamətdə islahatlara başlayıb. Həmçinin Çad Respublikası da fransız qoşunlarının ölkədən çıxarılması istiqamətində mübarizə aparır.

Bütün bu uğursuzluqların - Fransa imperializmin çöküşünün önündə sözsüz ki, Emmanuel Makron gəlir. Bunun da əsas səbəbi Makronun Fransadan daha çox digər ölkələrin işinə qarışması olub. Yelisey sarayı bəlkə də nə vaxtsa Afrikadakı müstəmləkələrinin əlindən çıxacağına inanmırdı. Elə buna görə də çox rahatlıqla Şərqi Avropa, Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyə çalışırdı. Qarabağ məsələsində isə separatizmə tam dəstək nümayiş etdirirdi.

Lakin bu, faktiki olaraq Parisin ən böyük səhvlərindən biri idi. Bu gün regionlardan çıxarılsa da Fransa dünyaya insan hüquqlarından dərs keçməyə davam edir. Analitiklər Afrika ölkələrinin işğaldan azad olunmasının Fransa iqtisadiyyatına mənfi təsir göstərəcəyini də bildirirlər.

Musa BAĞIRLI,

"Respublika".