Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Region

Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 9-da Milli Aviasiya Akademiyası ilə Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Mir Cəlal Paşayevin ev-muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir

ki, tədbir iştirakçıları ilk olaraq Gəncə şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Mir Cəlal Paşayevin ev-muzeyində davam edən tədbirdə Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin salamları və ürək sözləri iştirakçılara çatdırılıb.

Tədbirdə Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, akademiyanın professoru, Xalq şairi Nəriman Həsənzadə, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, MAA-nın rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova və dosenti Aygün Zeynalova çıxış edərək Ümummilli Liderin uzaqgörən siyasəti və zəngin ömür yolu barədə danışıblar.

Çıxışlarda böyük yazıçı, alim və görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi irsinin Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsindəki rolunu vurğulayıblar.

Tədbirdə Milli Aviasiya Akademiyasının tələbələri Ümummilli Liderə həsr olunan şeir və musiqilər səsləndiriblər. Həmçinin görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi yaradıcılığından səhnələr canlandırılıb.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onun Gəncəyə səfərləri və şəhərin inkişafındakı rolunu özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonda tədbir iştirakçılarına Milli Aviasiya Akademiyasının adından xatirə hədiyyələri təqdim edilib.