Görünməz təhlükə ilə mübarizə davam edir
Sosial həyat

Görünməz təhlükə ilə mübarizə davam edir

Tarix boyu dövlətlər bir-birini yox etməyə çalışıb, bunun üçün yollar axtarıblar. Terror aktları törədərək, rəqib ölkəni yavaş-yavaş məhv etməyə cəhd göstəriblər.

Bu yolla irəliləmək istəyən Ermənistan da işğaldan azad edilmiş ərazilərimizə bir milyona yaxın mina basdırıb. Azərbaycan tərəfinin dəfələrlə mina xəritələrini tələb etməsinə baxmayaraq, bundan boyun qaçırır və dəqiq olmayan xəritələr verir, bu da işləri olduqca ləngidir. Ermənistan unudur ki, Azərbaycan haylardan qat-qat güclüdür. Azərbaycan insanların rifahını düşünür. Ölkəmiz üçün fərq etmir ki, həmin şəxsin milliyyəti, dini, irqi nədir. Hər bir vətəndaşın sağlamlığı dövlətimizin əsas prioritet məsələsidir.

Mina cəmiyyətin ən böyük problemlərindəndir. Ermənistan bu addımları atmaqla ölkəmizi zəiflətdiyini düşünür. Azərbaycan 3 ildir ki, bu məsələnin həlli ilə bağlı ciddi tədbirlər görür. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) son açıqlamasında göstərilir ki, azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib. 900-ə yaxın yaşayış məntəqəsi dağıdılıb. Son üç ildə isə 30 763 piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat aşkarlanıb. Həmçinin ANAMA-dan bildirilib ki, axtarışlara 2 075 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151 minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi müəyyən edilib.

Mənfur düşmən bölgədə təkcə mina yox, həmçinin sürpriz tələlərdən, partlayıcı qurğulardan da istifadə edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə yaxın tarixdə Ermənistanda istehsal edilmiş minalar aşkarlanıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib. Öz məqamında ekologiyaya ciddi ziyan vuran bu metod isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq.

ANAMA məlumat verib ki, gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək. Şübhəsiz ki, bu çətin yolda beynəlxalq dəstəyin göstərilməsi vacib məsələdir. İnsanların öz doğma yurdlarına təhlükəsiz formada qayıtması üçün bütün beynəlxalq qurumlar, həmçinin insan hüquqları müdafiəçiləri minaların tez bir zamanda təmizlənməsi və problemin aradan qaldırılması məsələsinə dəstək verməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".