Hakimliyə namizədlərin test imtahanında 60 və daha yüksək bal toplayanlar növbəti mərhələdə iştirak edəcəklər
Digər xəbərlər

Hakimliyə namizədlərin test imtahanında 60 və daha yüksək bal toplayanlar növbəti mərhələdə iştirak edəcəklər

Dövlətimizin başçısı İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" imzaladığı 2019-cu il 3 aprel tarixli Fərmanının icrasına uyğun olaraq, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də hakimlərin seçki prosesinin şəffaf, ədalətli və obyektiv təşkil edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 16-da jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov deyib.

O bildirib ki, ötən müddətdə, yəni fərman imzalandıqdan hazırkı dövrə qədər 1200-dək namizəd sənədlərini təqdim edərək, bu imtahan proseslərində iştirak ediblər. Onların arasından 123 nəfəri bütün mərhələləri uğurla başa vuraraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə müxtəlif məhkəmələrdə hakim vəzifələrinə təyin olunublar. Hazırda 68 namizəd bu seçim prosesinin müxtəlif mərhələlərində iştirak edirlər. Müvafiq imtahanların bütün mərhələlərini uğurla başa vurduqdan sonra məhkəmələrdə hakim vəzifələrinə təyin olunmaları üçün onların da namizədlikləri irəli sürüləcək.

Vidadi Cəfərov vurğulayıb ki, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər. Hazırda Dövlət İmtahan Mərkəzinin binasında hakimliyə namizədlik üzrə imtahanın test mərhələsi keçirilir. 60 və ondan yuxarı bal toplamış namizədlər seçki prosesinin növbəti mərhələlərində iştirak etmək hüququ qazanacaqlar.

Xatırladaq ki, Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlər üçün mütəmadi olaraq imtahan prosesi keçirilir.