İcmadan Xocalı qatili Serjik Sarkisyana cavab
Siyasət

İcmadan Xocalı qatili Serjik Sarkisyana cavab

Qərbi Azərbaycan İcması bəyanat yayaraq, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarkisyan Polşanın Baş nazirinə yazdığı məktubunda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməsinə, “Artsax” səhifəsinin bağlanmadığını iddia etməsinə cavab verib.

"Respublika" xəbər verir ki, İcmanın bəyanatında bildirilib ki, S.Sarkisyan vaxtilə çox təkəbbürlü danışıb, özünü olduqca həyasız aparırdı. Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serjik Sarkisyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi. Bundan sonra Serjik Sarkisyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarkisyan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi.

“Aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarkisyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı. Amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkaranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serjik Sarkisyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan Ordusunun qabağından qaçdı. Serjik Sarkisyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serjik Sarkisyan “şərəfli” yer tutur.

Vətən müharibəsindən sonra Serjik Sarkisyan hərdənbir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serjik Sarkisyanın Artak Beqlaryanlardan heç bir fərqi yoxdur.

Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serjik Sarkisyan, Robert Koçaryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir”, - deyə İcmanın bəyanatında vurğulanıb.