İctmai xadim, publisist Nəsib bəy Yuifbəyli
Tarixi şəxsiyyətlər

İctmai xadim, publisist Nəsib bəy Yuifbəyli

Nəsib bəy Yusifbəyli. Bu ad çağdaş Azərbaycan tarixində ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri, AXC Parlamentinin üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri və digər yüksək titulların sahibi kimi xatırlanır.

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə dünyaya gəlib. İlk təhsilini atası Yusif bəydən alsa da, sonralar Gəncə gimnaziyasında oxuyan Nəsib bəy 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Burada Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında fəal iştirak etmişdir. Lakin tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti bir müddət universiteti bağlamaq məcburiyyətində qalır. Baş verənlərdən sonra Nəsib bəy Yusifbəyli təhsilini davam etdirmək üçün Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olmaq istəsə də, vəziyyət elə gətirir ki, o, təhsilini yarımçıq qoyub Krımda yerləşən Bağçasaray şəhərinə gedir. Burada isə Nəsib bəy üçün yeni bir yol başlayır. Belə ki, o, burada İsmayıl Qaspıralının "Tərcüman" qəzetində işləməyə başlayır. Nəsib bəyi İsmayıl Qaspıralı ilə tanış edən isə Nəriman Nərimanov olmuşdur. Bağçasaray həyatı Nəsib bəyin taleyində də mühüm rol oynamışdır. Nəsib bəy Yusifbəyli İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə ailə həyatı qurur. 39 illik qısa ömründə Nəsib bəyin taleyi elə də rahat, rəvan olmamışdır. Millət, xalq yolunda savaşaraq böyük uğurlar əldə edən bu böyük şəxsiyyət öz taleyindəki savaşlarda uduzmuş, məğlubiyyətə düçar olmuşdur. Xalq, dövlət uğrunda olan amallar ailə meyarlarını üstələmişdir. İki övlad sahibi Nəsib bəy Yusifbəyli həyat yoldaşı Şəfiqə xanımdan ayrılsa da, hər zaman övladları - Zöhrə və Niyazi ilə əlaqə saxlamışdır. Qızı Şəfiqə xanımla ailə bağları qırılsa da İsmayıl bəy Qaspıralı Nəsib bəyə həmişə böyük hörmətlə yanaşır. Hətta 1914-cü ildə İsmayıl bəy ömrünün son günlərini yaşadığını hiss edərək Nəsib bəyi Bağçasaraya çağıraraq, son vəsiyyətini ona etmişdir. Həmin illərdə böyük şəxsiyyət Azərbaycan drammaturqlarının əsərlərini Baxçasarayda tamaşaya qoyur və özü də əsas rollarda çıxış edirdi.

Lakin siyasi düşüncə və fəaliyyətinə görə çar hökuməti tərəfindən həmişə təqib olunan Nəsib bəy İstanbula köçəsi olur. 1909-cu ildə isə İstanbuldan Gəncəyə dönərək Gəncə Şəhər Dumasında fəaliyyət göstərməyə başlayır. Nəsib bəy Gəncədə xeyirxahlığı, maarifpərvərliyi ilə sayılıb-seçilən ziyalılardan idi. İşlərinin çoxluğuna baxmayaraq, o, mütəmadi olaraq Bakıda "Açıq söz" qəzetinin redaksiyasına gəlirmiş. Elə Məhəmməd Əmin Rəsulzadə ilə də burada tanış olur. Onların dostluq münasibətləri sonralar əqidə, amal dostluğuna çevrilir. Siyasi mücadiləyə başlayan Nəsib bəy 1917-ci ilin mart ayında Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradır. İyun ayında isə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Türk Ədəmi-Mərkəziyyət Partiyasını birləşdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox məsul vəzifələrdə çalışır. O, 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına məktub göndərərək, bütün quberniya və qəzalarda xalq maarif işinə ciddi fikir verilməsini xahiş edir. Onun bu sahədəki fəaliyyəti dövründə xalqın və dövlətin taleyində atılan mühüm addımlardan biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük əməyi olduğu kimi, millətin təhsilində də önəmli, əhəmiyyətli rol oynamışdır. Məhz onun təqdimatı ilə hökumət 1918-ci il avqust ayının 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdir. 1919-cu ilin əvvəllərindən isə Azərbaycanda dövlət hesabına 637 ibtidai, 23 orta ixtisas təhsili verən məktəb fəaliyyətə başlamışdır.

1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırılır. Qısa ömür yaşamasına baxmayaraq, Nəsib bəy Azərbaycan tarixində millətin maarif və ictimai-siyasi həyatında əvəzsiz xidmətlər göstərən şəxsiyyət kimi yaşayacaq. Hələ Nəsib bəyin baş nazir kimi çalışdığı dövrdə - 1920-ci il yanvar ayının 11-də Azərbaycan istiqlaliyyətinin nəhəng dövlətlər tərəfindən de-fakto tanınması baş verir. Parlamentin 14 yanvar iclasında Nəsib bəy şad xəbəri xalqa çatdırır. "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür".

Nəsib bəy Yusifbəyli dövlət, xalq yolunda göstərdiyi bütün fəaliyyətinə görə Cümhuriyyətin əsas sütunlarında dayanan dörd əsas şəxsiyyətdən biri kimi qiymətləndirilmişdir. Bütün varlığı ilə məmləkətin işıqlı sabahı, xoş gələcəyi üçün savaşan bu böyük şəxsiyyət sadə həyat yaşasa da, özünü millət yolunda fəda etmişdir. Onun ideya və əməlləri istər ictimai-siyasi, istər vətənpərvərlik, istərsə də təhsil sahəsində daim yaşayacaq.

Ömrünü xalqının, dövlətinin yüksəlişinə fəda edən Nəsib bəyin ölümü də müəmmalı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 28 aprel 1920-ci ildə süqut etməsindən sonra Nəsib bəy Tiflisə yola düşür. Lakin 31 may tarixində yolda müəmmalı şəkildə vəfat edir. Dünyasını dəyişməsi ilə bağlı bir sıra şayiələr yayılsa da nəticədə millət, xalq böyük bir şəxsiyyəti, millət fədaisini itirir.

Ramidə YAQUBQIZI,

"Respublika".