Görkəmli alim, gözəl insan, xeyirxah əməllər sahibi
Tarixi şəxsiyyətlər

Görkəmli alim, gözəl insan, xeyirxah əməllər sahibi

15 aprel dünyaşöhrətli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə Əliyevanın anım günüdür

Sadə, xoşxasiyyət insan, peşəkar həkim, böyük alim… Hamı onu belə tanıyırdı. Bütün bu yüksək keyfiyyətləri özündə birləşdirən Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə Əliyeva əsl ziyalı olmaqla bərabər, həm də qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi. Ümummilli lider Heydər Əliyev hər zaman ona dayaq olan,  bütün işlərində onu dəstəkləyən Zərifə xanım haqqında deyirdi: “...Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib… Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır”.

O, əsl Azərbaycan qadını idi. Böyük elmi fəaliyyətlə məşğul olmasına rəğmən ailə dəyərlərini hər şeydən üstün tutan, xalqına, millətinə layiqli övladlar yetişdirən, xeyirxahlıq, insanpərvərlik, alicənablıq, təvazökarlıq təcəssümü olan Azərbaycan qadını. Eyni zamanda geniş dünyagörüşü, zəngin biliyi, elmi baxışları, uzunmüddətli araşdırmaları, tədqiqat işləri ilə milli səhiyyəmizin tərəqqisinə, Azərbaycan elminin gələcəyinə, onun inkişafına  böyük töhfələr verən dəyərli alim…   

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım bütün ömrünü elmə həsr etmiş, oftalmologiya sahəsində böyük uğurlara nail olmuşdur. O, 1942-ci ildə orta məktəbi, 1947-ci ildə isə  Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə başa vurmuş, Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçdikdən sonra aspiranturaya daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir. Həmin dövrdə respublikamızda insanda gözü zədələyərək ağır fəsadlar törədən, hətta korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Xəstəliklə mübarizə aparmaq və bu sahədə effektiv nəticələr əldə etmək üçün ciddi addımlar atılır, insan həyatına təhlükə yaradan  bu infeksion xəstəliklə mübarizə yolları axtarılırdı. Öz üzərində ciddi işləyən Zərifə xanım gecə-gündüz mütaliə edir, elmi biliklərini dərinləşdirir, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda müalicə və profilaktik tədbirlərin təşkilində fəal iştirak edirdi. O,  bu xəstəliyin ən çox yayıldığı bölgələrə - respublikanın ən ucqar yerlərinə qədər gedərək traxomanın yaranma səbəblərini öyrənmək üçün araşdırmalar aparır, oradakı həkim-oftalmoloqlara  traxoma barədə məruzələr söyləyir, ümumiyyətlə göz xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı elmi biliklərini həmkarları ilə bölüşürdü. Zərifə xanım həkimlik fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi axtarışlarını da davam etdirir, traxoma xəstəliyinin müalicəsi zamanı antibiotiklərdən istifadə imkanlarını araşdırırdı. 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda müdafiə etdiyi  namizədlik dissertasiyası  alimin bu sahədəki  gərgin əməyinin nəticəsidir.

1969-cu ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, 1977-ci ildə professoru olan Zərifə xanım Əliyevanın təklifi ilə 1979-cu ildə akademik A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün peşə patologiyası və fiziologiyasının problemləri laboratoriyası yaradılmışdır. Burada gözün və köməkçi üzvünün həm normada, həm də  rezin və neft-kimya sənayesi müəssisələrində  uzun müddət  işləyən insanlarda yaranan peşə intoksikasiyası şəraitində funksiyalarının  reallaşdırılmasının fizioloji və biokimyəvi mexanizmlərinin öyrənilməsinə dair bir sıra  tədqiqat işləri aparılmışdır. Zərifə xanım bu tədqiqatların nəticəsində alınan  materiallar əsasında elmi məqalələr və monoqrafiyalar yazmışdır. Ümumilikdə alim fəaliyyəti boyu qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu xəstəlikləri və s. kimi oftalmologiyanın aktual məsələlərinə həsr olunmuş 12 monoqrafiya, 200-ə yaxın elmi iş, 1 ixtira və 12 səmərələşdirici təklifə imza atmışdır. O, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları", “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Gözün və  görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” kimi mühüm əhəmiyyətli elmi əsərlərin müəllifi kimi də böyük şöhrət qazanmışdır. “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası” və s. monoqrafiyaları təkcə  ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da böyük marağa səbəb olmuşdur. Gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi istiqamətində apardığı araşdırmaların nəticələri alimin “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə əks olunub. Bütün bunların fonunda Prezident İlham Əliyevin 2013-cü ildə Zərifə Əliyevanın 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışında dediyi “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir” fikirləri bir daha öz təsdiqini tapır.

Zərifə Əliyeva 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının, bir müddət sonra isə oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmış, bu illərdə vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün  zədələnməsi ilə bağlı apardığı mühüm tədqiqat işlərinin nəticəsi  Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərmişdi. Belə ki, alimin  tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın  problemlərindən biri olan qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsinə həsr olunmuşdur. Bu tədqiqat işlərinin birində gözdaxili təzyiqin ölçmə üsulu  təkmilləşdirilmişdir ki, bu da xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb etmişdir.  Alim nəzəri biliklərini, illər boyu apardığı müşahidələrin, klinik tədqiqatların nəticələrini təcrübədə geniş şəkildə tətbiq etmiş, bu sahədə yeni elmi müddəa və nəzəriyyələr irəli sürmüşdü. Görkəmli oftalmoloq, həmçinin göz travmatizminin profilaktikası və onunla mübarizə, oftalmologiya sahəsində fizioterapevtik üsullardan istifadə də uğurlu  nəticələr əldə etmiş, iridodiaqnostikanın əsasını qoymuşdur. Akademikin “İridodiaqnostika” və “İrididodiaqnostikanın əsasları” nadir elmi tədqiqat əsərləri bu sahədə olduqca dəyərli mənbələrdir. 

Fədakar alim sənaye müəssisələrində zərərli amillərin insan gözünə təsirini araşdırmış, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi məsələsinə xüsusi diqqət yetirmişdir. Onun bu sahədəki zəngin bilik və təcrübəsi sənaye sektorunda çalışan və peşə fəaliyyəti ilə əlaqədar olaraq göz xəstəliyi ilə üzləşən minlərlə insana şəfa vermiş, onları nura, işığa qovuşdurmuşdur. Dünya miqyasında tanınmış alimin oftalmologiya elminə bəxş etdiyi yeniliklər bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdə, qiymətli elmi irs kimi təbliğ və tətbiq olunmaqdadır.

Zərifə xanım Əliyeva  ilk dəfə olaraq  sənaye obyektlərində müxtəlif maddələrin gözə təsiri sahəsində elmi tədqiqatlar aparmış, peşə patologiyasını araşdıran dünyada ilk elmi-tədqiqat laboratoriyası yaradaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Məhz peşə xəstəlikləri üzrə elmi araşdırmalarının uğurlu nəticələrinə görə o, oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.

Vaxtilə respublikamızda geniş yayılmış traxoma, eyni zamanda kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı yaranan digər göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair tədqiqatlar aparan akademik Zərifə Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.  Yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, gənc həkim-oftalmoloqların ixtisaslarının artırılmasında, təcrübəli elmi kadrların yetişdirilməsində dünyaca məşhur oftalmoloq-alimin əvəzsiz xidmətləri olmuşdur. Böyük oftalmoloqlar nəsli yetişdirən görkəmli alim tələbələrinə həkimlik sənətinin dərinliklərini, həkim-xəstə münasibətlərini yorulmadan, usanmadan öyrədir və qeyd edirdi ki,  həkimlik sənəti  mütəxəssisdən bilik və bacarıqla yanaşı, həm də mənəvi saflıq tələb edir. Bu saflığı böyük məsuliyyətlə qoruyan Zərifə xanım müqəddəs peşə sahiblərinin cəmiyyətdəki roluna, mövqeyinə xüsusi həssaslıqla yanaşırdı. Alimin “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” əsəri cəmiyyətimizdə həkim şəxsiyyətinin formalaşması prosesinə dəyərli töhfədir.

Akademik Zərifə Əliyevanın  ictimai fəaliyyəti də geniş və çoxşaxəli olmuşdur. O,  SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, eyni zamanda «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.

Zərifə Əliyeva 62 illik qısa ömrünə  ictimai xadim, pedaqoq, peşəkar həkim, dərin biliyə, geniş dünyagörüşə malik   yenilikçi alim, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi çox böyük statusları sığışdıra bilmişdi. Ömür yolunda   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə addımlayan Zərifə xanım Əliyeva vətənimizin qüruru sayılan övladlarındandır. Azərbaycan oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimin əziz xatirəsini xalqımız hər zaman böyük ehtiram, sonsuz məhəbbətlə anır.

Mehparə ƏLİYEVA,

“Respublika”.