İlin sosial akkordları
Sosial həyat

İlin sosial akkordları

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır.

Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər geniş miqyas alan, konkret nəticələrə yönələn sosial islahatlar, həmin islahatlardan irəli gələn müsbət trendlər 2022-ci ildə də davam edib. Mühüm nailiyyətlərdən biri də sosial islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi olub. Bu il "Əmək pensiyaları haqqında" Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib. Dövlət başçısının sərəncamları ilə hər ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin olunur. Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla 2023-cü ildən artıq pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək.

2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi və bu maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 mln. manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur. Gələn il pensiyaların orta aylıq məbləğinin builkindən 14 faiz çox olmaqla 423 manat olacağı, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə builkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən icra olunan mühüm sosial proqramlardan biri də aztəminatlı ailələrin rifahında mühüm rola malik ünvanlı sosial yardım proqramıdır. Həmin ailələrə ödənilən ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 41 faiz artaraq 388 manat olub. Ehtiyac meyarı bu il 200 manatdırsa, 2023-cü ildə 246 manata çatdırılması nəzərdə tutulur, bu da növbəti ildə ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğlərinin növbəti artımı ilə nəticələnəcək. Ümumilikdə, gələn il ünvanlı sosial yardımların bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manat olacağı gözlənilir ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 36 faiz çoxdur. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4400, ümumilikdə ötən dövrdə isə 13200 mənzil və fərdi ev verilib. Bu dövrdə 324, ümumən 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Həssas qruplarla bağlı icra olunan mühüm dəstək proqramlarından biri də Prezident İlham Əliyevin Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramıdır. Bu il də 16175 nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb və proqrama cəlb olunanların illik sayı son 4 ildə təqribən 15 dəfə artıb. Bu dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il üzrə 40 mindən çox şəxsin işlə təmin olunması, 16 175 nəfərin özünüməşğulluq proqramına, 4519 nəfərin peşə hazırlığına cəlb edilməsi, 53 438 nəfərin peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunması hədəflənib. 2022-ci ildə özünüməğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla birgə "Biznesini yarat" marafonunun, "Özünüməşğulluğa dəstək", "Tənha anaların sosial inkişafına dəstək", "Məktəbim", "FotoMən 3", "Gənclərin biznes emalatxanası" və "Məşğulluğa dəstək" layihəsi icra olunub. Əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində artıq 500 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 857 şəxs işlə təmin olunub.

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 16 416 şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 9 395 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb, 6 806 nəfər isə münasib işlərlə təmin olunub. Əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində artıq 500 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 857 şəxs işlə təmin olunub. Bu il Bakı və ölkəmizin bölgələrində keçirilmiş 63 əmək yarmarkasında 550 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 11 mindən çox vakansiya təqdim olunub. Gələn il bu yarmarkaların əhatə dairəsi daha da genişləndiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasının 1 ili tamam oldu. Qeyd edək ki, DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli qərarı ilə təsis edilən Mərkəzin yaradılmasında məqsəd Nazirlik və onun qurumları üzrə İKT, informasiya təhlükəsizliyi və layihələrin idarəedilməsi sahəsində işlərin operativ və sürətli şəkildə aparılması, rəqəmsallaşma proqramının genişləndirilməsi, rəqəmsal həllərin artırılması olub. Son 1 ildə bu istiqamətdə mühüm addımlar atılıb, yeni elektron sistemlərin, e-xidmətlərin hazırlanaraq istifadəyə verilməsi təmin edilib. Hazırda Nazirlik üzrə 175 xidmətdən 110-u elektron qaydada təqdim edilir, onlardan 46-sı isə proaktiv mexanizmlər əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirən, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində əhəmiyyətli dəyişikliyə səbəb olan DOST konsepsiyası ölkəmizdə həyata keçirilən institusional-struktur islahatlarının mühüm tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi bu gün məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir. Bu günədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.

Azərbaycan Prezidentinin idarəçilik fəlsəfəsi, ilk növbədə sosial dövlət strategiyasına söykənir. Postmüharibə dövründə də sosial sahədə, o cümlədən DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini nümayiş etdirir. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb. Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində isə şəhid ailələri üzvlərinin, müharibə əlillərinin və onların uşaqlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün imkanlar yaradılıb.

Bu il dünyaya nümunə "ASAN xidmət" də 10 yaşını qeyd etdi. "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul Fərmanına əsasən yaradılmışdır. "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. Xidmət dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı Azərbaycanda sosial inkişafın təmin olunması, nailiyyətlərin qarşıdakı dövrdə də uğurla davam etdirilməsinə əminlik yaradır.

Mustafa KAMAL,

"Respublika".