İlmələrlə tarix yaradan rəssam
Mədəniyyət

İlmələrlə tarix yaradan rəssam

Türkiyə türklərində şahanə bir deyim var: "Hər körpə bir dahidir". Yəni gələcəkdə vətəninə, insanlığa, bəşəriyyətə şərəf qazandıran nadir insandır...

Əslən naxçıvanlı olan Xalq rəssamı Eldar Mikayılzadə qədimdən də qədim Bakının Əmircan kəndində 1956-cı ilin yanvar ayında dünyaya gələndə nə qədəmlərinə cənnətlər sərilən bir ananın, nə də ata haqqı, Tanrı haqqı olan bir atanın ağlına da gəlməzdi ki, gələcəkdə övladları Azərbaycanın sənət korifeyləri arasında şərəfli yer tutacaq.

Ancaq bu zirvəyə qalxmaq üçün Eldarın sənət yollarına qızılgüllər sərilməmişdi. O, bu keşməkeşli yollarda güclü istedad və sarsılmaz iradə bahasına özünəməxsus sənət gəmisi ilə fırtınalı dəryaların təhlükəli dalğalarını yara-yara sənət zirvəsinə ucala bilmişdir. Haqq zülmə... Xeyir şərə... Nur zülmətə qalib gəldiyi kimi!..

Səttar Bəhlulzadə və Lətif Kərimovdan dərs alan xalçaçı rəssam çox çəkmədi ki, sənət dünyamızı zinətləndirdi. Eldarın tale ulduzu o qədər parlaq idi ki, istedadının mayası iki dühanın cövhəri ilə yoğruldu. Məhz ona görə Eldar Mikayılzadə hələ 25 yaşında ikən, 1981-ci ildə dahi Füzulinin əsərlərindən ilham alaraq "Şəbi-hicran" xalçasını yaratdı. 1983-cü ildə Bakıda keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziumda dünyanın ən məşhur ekspertləri "Şəbi-hicran" xalçasını müasir dövrün dünya xalçaçılıq sənətinə verilmiş misilsiz töhfə kimi qiymətləndirmişlər. Gənc xalçaçı rəssam böyük sənətkarların məharətlərinin zirvəsi sayılacaq xalça yaratmışdı. Bu qiymətləndirmədən sonra Eldar Mikayılzadənin sənət dünyasında ulduzu elə parladı ki, on illər keçdi və bu ulduz kəhkəşana çevrildi. Yaratdığı bir-birindən ecazkar sənət nümunələri ilə Azərbaycanın sənət dünyasını zənginləşdirdi: "Bütöv Azərbaycan" (1981), "Nağıllar aləmi" (1983), "Azərbaycanın poeziya və musiqi korifeyləri" (1985), "Lətif Kərimov (1986), "Xətai" (1990), "Xəmsə" (1994), "İslam" (1992), "Təbriznamə" (1993), "Xilaskar" (1995-1997), "Peyğəmbərlərin şəcərəsi" (1998), "Azərbaycan Respublikasının Prezidenti" (2003), "Üç Peyğəmbər" (2004), "Şəbi-hicran" (2006), "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" (2008), "Kəhkəşan" (2012), "Yaranış" (2010) və s.

Azərbaycan siyasi təlatümlərlə çalxalanan o qaranlıq illərdə (1988-1993-cü illər) bir çox sənətkarlar, yazıçılar, rəssamlar, teatr xadimləri, alimlər öz siyasi platformalarını müəyyən edə bilmədilər. Dövlət siyasi fırtınalarla sarsılan bir dönəmdə Eldar sənətinə də, dövlətinə də sədaqət yolundan ayrılmadı. Siyasətin qaranlıq labirintlərindən üzüağ çıxdı. Ulu Öndərin də sənətkarlarda ən çox təqdir etdiyi məhz bu keyfiyyət idi. Çünki sədaqət əxlaqın və vicdanın tacıdır. Və Eldar həyatında ən doğru və ən qiymətli möcüzəni kəşf etmişdi. Onun üçün sənətinə sədaqət mənəvi qəhrəmanlıqdı və əsl böyük sənətin zirvələrinə qalxmaq yalnız mənəvi qəhrəmanlıq deyil, həm də o şöhrət zirvələrində mətanətlə dura bilməkdir.

Üç il öncə Eldar Mikayılzadə Azərbaycan Xalq rəssamı adına layiq görüldü. Eldarın yaratdığı xalçaların şöhrəti artıq vətəndən çox-çox uzaqlardan gəlir. ABŞ, İtaliya, Fransa, Belçika, Küveyt, Türkiyə, Səudiyyə Ərəbistanı və s. ölkələrdə təşkil olunmuş fərdi sərgilərində xalçaçı rəssamın əsərləri uğurla nümayiş etdirilir...

Eldar Mikayılzadənin ölçüsü 200x214 sm olan məşhur "Kəhkəşan" xalçası 600-ə yaxın rəng və çalardan yaranıb. Əsərin kompozisiyasına işlədilən qiymətli daş-qaşların sayı 725 ədəddir. Xalçaçı rəssam dünyada bənzəri olmayan bu şəhanə əsərini ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.

Xalçaçı rəssam xalqımızın xilaskarı Ulu Öndərin (üç dəfə) və onun ömür-gün yoldaşı, Azərbaycan qadınlarının mənəviyyat tacı olan Zərifə xanım Əliyevanın obrazlarına müraciət etməsi dahi rəssamın dövlətinə sonsuz sevgisinin və ehtiramın ifadəsidir.

2008-ci ildə Eldar Mikayılzadə "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" əsərini (əzəmətli xalçasını) yaradır. Rəssam əsərdə Ulu Öndərin ayaq üstə məğrur şahanə duruşu, üzündəki işıqlı təbəssümü ilə Azərbaycanın möhtəşəm keçmişindən ehtişamlı gələcəyinə gedən yolunu təsvir edir. Dahi rəhbər amansız düşmənlərdən xilas etdiyi Azərbaycanın xoşbəxt istiqbalından xəbər verir. Tabloda Heydər Əliyevin arxasında Sovet Azərbaycanının ilk rəhbəri, vətənin xilaskar oğlu Nəriman Nərimanovun abidəsi ucalır.

Nəriman Nərimanovun tabloda təsviri təsadüfi və gəlişigözəl epizod deyil və dərin tarixi-fəlsəfi məna daşıyır. Yəni zülm ədalət taxtını işğal edəndə tarixin böyük faciələri başlar. İyirminci yüz ilin 1920-1922-ci illərində rus şovinistləri və erməni daşnakları Moskvada Rusiya Bolşeviklər partiyasının Mərkəzi Komitəsində siyasi büroda Leninin ətrafında kümələşmiş Azərbaycanın düşmənləri vətənimizi quberniyalara parçalamaq və Rusiyanın ucsuz-bucaqsız ərazilərində əritmək, yox etmək planları tərtib etmişlər. O qorxunc illərdə bunun qarşısını alan yalnız və yalnız bir xilaskar türk oğlu türk vardı: Nəriman Nərimanov!!!

Bu sonsuz kainatda hakimiyyəti hakimiyyətlər üzərində, qüdrəti qüdrətlər üzərində hökmran olan ilahi bir ədalət vardır: Haqqın zülm üzərində, xeyrin şər üzərində zəfəri!

Eldar Mikayılzadə əsərlərində, özəlliklə "Xəmsə" xalçasında dahi Nizaminin yaradıcılıq dünyasını əks etdirir. Sanki xalçaçı rəssam kimi deyil, böyük bir dövlət xadimi kimi düşünür, bəzən də bir filosof kimi qarşımıza çıxır. Çünki "Xəmsə" bir qüdrət, bir qəhrəmanlıq, bir mənəviyyat xəzinəsidir.

"Üç Peyğəmbər" və dahi Nizaminin dünyaca məşhur "Xəmsə"si haqq ilə zülmün, şər ilə xeyrin, nur ilə zülmətin əbədi mübarizə tarixidir. Hər iki əsər eyni cahanşümul ideyaları daşıyır.

Eldar Mikayılzadənin "Üç Peyğəmbər" əsəri gələcəyin zəfəridir. Tabloda üç peyğəmbərin əzəmətli duruşu gələcəkdə dinlərin: İslam dini - müsəlmanların, xristian və musavilərin qardaşlığı bəşəriyyətin xoşbəxt gələcəyidir.

Eldar Mikayılzadə 1981-ci ildə "Bütöv Azərbaycan" əsərini yaradır. Onun "Yaranış" əsəri görkəmli sənətşünaslar, sənətkarlar tərəfindən qiymətləndirilməsinə baxmayaraq, əsərə ən böyük qiyməti müəllimi, dünyaşöhrətli xalçaçı rəssam Lətif Kərimov vermişdir:

"Eldar Mikayılzadənin son 80 ildə mən də daxil, heç bir sənətkara nəsib olmayan "Yaranış" xalçasının mövzusu, ideyası cahanşümuldur. Belə bir kompozisiyanın yaradıcısı olan tələbəm Eldar Mikayılzadə ilə fəxr edilməzmi?".

Eldar Mikayılzadənin monumental xalçalarının hər biri şah əsərdir. Və yalnız Azərbaycan türklərinin keçmişi deyil, bir çox Şərq xalqlarının tarixləri də ilmələrlə rəngarəng xalçalara köçürülmüşdür. Rəssamın yaratdığı əsərlər (xalçalar) iftixar ediləcək qədər yüksək dəyərə malikdir. Türkiyənin xilaskarı Mustafa Kamal Atatürkün dediyi kimi, "tarixi yazmaq, kətanlara, xalçalara köçürmək, xalılar üzərində tarixləri yaşatmaq tarixləri yaratmaq qədər şərəflidir. Çünki millətin tarixini yaradanlar millətin şanlı keçmişini, qəhrəmanlığını millətin özünə yenidən yaşadır".

Eldar Mikayılzadə əsərlərində, xüsusən də "Xəmsə" xalçasında dahi Nizaminin möhtəşəm dünyasını kətan üzərinə köçürüb: Yəni əsrlərdən, min illərdən bəri maddi güclər: dövlətlər, imperiyalar, sivilizasiyalar yaranır, yüksəlir, güclənir, tükənir, dağılır, sonunda tarixin zülmətlərində yox olurlar. Bütün varlıq, kainat, əbədiyyət bu dialektik qanuna, yaranışın, yaradılışın bu əbədi gərdişinə məhkumdur. Və bizim dünyamızın sonunadək bu belə davam edəcəkdir. Xalq üçün, millət üçün qalan tarix və mədəniyyətdir. Yəni möhtəşəm əsərlərlə dünyada qalan Nizamilər, Füzulilər, Nəsimilərdir.

Rəssam "Xəmsə" əsərində Nizaminin fonunda fələyin gərdişini belə ifadə edir: Hanı qan qoxulu o möhtəşəm imperiyalar? Qan dəryaları yaradan tacidarlar nə oldu? Tarixdə onların izi-tozu da qaldımı? Dahilər isə ölməz əsərlərilə bəşəriyyətin şərəf tacı kimi milyon-milyon insanların könüllərində taxt qurdular.

1991-ci ilin rüzgarları tufan qoparan bir qış günü Eldar Mikayılzadənin müəllimi, dünyanın sənət zirvəsində taxt quran Lətif Kərimov ömrünün 85 ilində əbədi dünyasına qovuşdu. "Rənglərin simfoniyası" susdu. Naxışların akkordu dinməz oldu. Böyük bir sənət dünyası zülmətə qərq oldu.

Amma sənət aləminin və xalqın bircə təsəllisi vardı ki, Lətif Kərimov vətəni Azərbaycan üçün saysız-hesabsız, heç bir dəyərli sərvətlərlə ölçülməz dərəcədə bir sənət və mənəvi xəzinə qoyub getdi.

Vətənə, Azərbaycan xalqına şöhrət və şərəf qazandırdı. Azərbaycana və bəşəriyyətə gözəllik səltənəti bəxş etdi. Və nəhayət, bu gözəllik səltənətini davam etdirəcək Eldar Mikayılzadə kimi nadir sənətkar yetişdirdi...

Oktay ALTUNBAY,

yazıçı, dramaturq.