İmişli Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
Sosial həyat

İmişli Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önünə tər çiçək dəstələri düzərək əziz xatirəsini yad etdilər. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak etdilər. İmişli Regional Ədliyyə idarəsində davam edən tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “Fəxri ədliyyə işçisi” Ruhin Xəlilovun əziz xatirəsi dərin ehtiramla anıldı.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək dedi: “Azərbaycan ədliyyə sisteminin tarixi Azərbaycan Demokratik Respublikasının elan olunduğu şanlı tarixə 1928-ci ilə təsadüf edir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev Ədliyyə orqanlarının fəaliyyətini müasir tələblər səviyyəsində qurulması və ədliyyə nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi istiqamətində birbaşa tədbirlər həyata keçirmiş, Ədliyyə nazirliyinin Əsasnaməsinin təsdiq olunduğu günü hər il noyabr ayının 22-ni respublikamızda “Ədliyyə İşçilərinin Peşə bayramı Günü” kimi qeyd olunması ilə bağlı 11 noyabr 2000-ci il tarixdə müvafiq sərəncam imzalamışdır”.

Çıxış edən İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov Ulu Öndərin ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın ədliyyə sisteminin yeni və müasir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatlarından söz açdı. Tədbirin sonunda bir qrup Ədliyyə işçisi İmişli Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman” ı ilə təltif edildi.

Ərəstun ABDULOV,

“Respublika”.