İqlim dəyişikliyi və həlli yolları
Ekologiya

İqlim dəyişikliyi və həlli yolları

Azərbaycan bu sahədə aktiv fəaliyyət göstərir

Hazırda bütün dünyada ən aktual problemlərdən biri qlobal istiləşmə və onun yaratdığı fəsadlardır. Qlobal istiləşmə probleminin mərkəzində temperaturun amansız artımı amili dayanır. İstiləşmə iqlim dəyişikliyinə, ekosistemin pozulmasına, ekstremal hava hadisələrinə, buzların əriməsi səbəbindən dəniz səviyyəsinin yüksəlməsinə, biomüxtəlifliyin itirilməsinə səbəb olur. Eyni zamanda insan sağlamlığına, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə, infrastruktura, həmçinin iqtisadiyyata mənfi təsir edir. Problemin həlli istiqamətində bir çox beynəlxalq tədbirlər keçirilib, qərarlar qəbul edilib.

Ekoloq Fikrət Cəfərov qeyd edir ki, iqlimin dəyişilməsi üzrə beynəlxalq Konvensiya çox vacib bir sənəddir: "Bu Konvensiya 1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin konfransı əsasında qəbul olunub. Həmin konvensiyanın hazırlanmasında mən şəxsən iştirak etmişdim, buna görə də  bilirəm ki, necə çətin və yüksək səviyyədə müzakirələr keçirilib. Ümumiyyətlə, o zaman biz fikirləşirdik ki, doğrudan da insan cəmiyyəti riski tam şəkildə görəcək və maksimum qısa müddətdə bu məsələnin həlli üçün çalışacaq. Lakin get-gedə problem artır. Bu gün Yer kürəsində iqlimin dəyişilməsinin mənfi təsir göstərmədiyi yer yoxdur. Sel, yağışlar, daşqınlar, həddindən güclü küləklər və sair get-gedə çoxalır. Azərbaycan bu problemə qlobal şəkildə yanaşır və dövlət səviyyəsində tədbirlər görülür. Bilirik ki, Azərbaycanda bu gün "yaşıl iqtisadiyyatı, "yaşıl enerji" sahəsində böyük layihələr həyata keçirilir".

Qlobal istiləşmənin təsirlərini aradan qaldırmaq, istixana qazları emissiyalarını azaltmaq, baş verən dəyişikliklərə uyğunlaşmaq və qeyri-müəyyən gələcək qarşısında dayanıqlılığı gücləndirmək kimi kollektiv öhdəliklər qəbul etmək lazım gəlir. Qlobal istiləşmənin nəticələri mücərrəd anlayış deyil. Bunlar açıq-aşkar pozulmalardır və bizi ortaq dünyamızın qorunmasında qətiyyətlə hərəkət etməyə çağırır. Azərbaycan hər zaman Cənubi Qafqazın inkişafı üçün çalışıb. Bu gün ölkəmizin bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməklə, regionu tərəqqiyə aparması bunun sübutudur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin əldə etdiyi növbəti nailiyyətlərdəndir.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Həmçinin, Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərini yerinə yetirmək, iqlim dəyişmələri nəticələrinin ölkənin iqtisadiyyatına və əhalisinin sağlamlığına mənfi təsirinin qarşısını almaq üçün kompleks tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 1997-ci il tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Ekoloq Faiq Mütəllimov qeyd edir ki: "Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə Dövlət Komissiyası yeni tərkibdə təsdiqlənmişdir. Azərbaycanın qlobal emissiyalarda payının cəmi 0,15% olduğuna baxmayaraq, iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı illə müqayisədə 35% aşağı salınmasını hədəf kimi götürmüşdür. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam ətraf mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin təmin olunması vəzifəsi qarşıya qoyulmuşdur".

Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Ekoloq Rövşən Abbasov deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamdan da bəlli olur ki, 2024-cü ildə Azərbaycanda bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçiriləcək. "Sərəncamın elə adından da görünür ki, Azərbaycan regionda və bütün dünyada sülhün bərqərar olunmasında və planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Bu sənəd bir yol xəritəsidir və Azərbaycanın yaxın 20 il ərzində həm ekologiya və ətraf mühitin qorunması istiqamətində, həm də beynəlxalq münasibətlərin tənzimlənməsində hansı xətti götürdüyünü bəyan edir. Sərəncamda da əks olunub ki, bir ay ərzində tədbirlər planı qrafiki hazırlansın. Düşünürəm ki, COP29, eləcə də ekologiya, ətraf mühitin qorunması, dayanıqlı inkişaf, iqlim dəyişmələri ilə mübarizə və iqlim dəyişmələrinə uyğunlaşma sahəsində çoxsaylı tədbirlər keçiriləcək və ölkəmizə çoxsaylı qonaqlar gələcək".

Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Ekoloq Çingiz İsmayılov deyir ki, Azərbaycan son illər alternativ energetikanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın iqtisadi inkişafında, energetika sahəsində alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsi də bir istiqamətdir. Artıq elektroenerjinin ixrac edilməsi Azərbaycana daxil olan valyuta gəlirlərinin önəmli bir hissəsini təşkil edir. Həm iqtisadi inkişaf, həm ənənəvi karbohidrogen ehtiyatlarının daha səmərəli istifadə edilməsi baxımından Azərbaycan üçün bu, vacibdir. Eyni zamanda Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi, karbon qazının atmosferə atılmasının, həcminin azaldılması sahəsində Avropa ölkələri ilə əməkdaşlığın dərinləşməsi ölkəmiz üçün çox vacibdir".

Ölkəmiz əsasən də işğaldan azad edilmiş ərazilərdə, bölgələrin dirçəldilməsi üçün "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı" şəhərlər, "ağıllı" kəndlər kimi yanaşmaları tətbiq edib. Minlərlə hektar sahədə meşələr bərpa olunub. "İşğaldan azad edilmiş ərazilər üçün karbon neytrallığı Konsepsiyası" sənədi hazırlanıb. Müasir texnologiyaların tətbiqi ilə "ağıllı şəhər", "ağıllı kənd" və "Yaşıl Enerji Zonası" konsepsiyalarının reallaşdırılması bu ərazilərin dayanıqlı inkişafına töhfə verməklə iqlim dəyişmələrinin təsirlərinin yüngülləşdirilməsi kimi hədəflərə nail olmağa imkan verib.

Dövlətimiz 2024-cü ildə evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a tam şəkildə hazırdır. Azərbaycanın kifayət qədər "yaşıl enerji" layihələri mövcuddur. Şübhəsiz ki, Azərbaycanın COP29-a evsahibliyi "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verəcək. Qlobal səylər və qətiyyətli strategiya sayəsində bəşəriyyət bu böhrandan çıxıb, yaşıl dünyaya doğru addımlar atacaq.

Röya RÜSTƏMLİ,

Nurcan SÜLEYMANOVA,

"Respublika".