İranın düşmən mövqeyi özünün məğlubiyyəti ilə nəticələnəcək
Digər xəbərlər

İranın düşmən mövqeyi özünün məğlubiyyəti ilə nəticələnəcək

2020-ci ildə Azərbaycanın 44 günlük müharibə ilə 30 ilə yaxın müddətdə erməni işğalında qalan torpaqlarını azad etməsi özünü dost kimi göstərən bir sıra dövlətlərin əsl simasını ortaya çıxardı. Bu dövlətlər arasında İran ilk sırada yer alır. İranın sözdə din qardaşı, dost adlandırdığı Azərbaycan ilə münasibətində erməni amili və özünün hiyləgər planları daha üstündür.

Cənub qonşumuz öz düşmən mövqeyini açıq şəkildə nümayiş etdirmək üçün bir çox yollara əl atır. İranın Azərbaycanın işğaldan azad edilən əraziləri yaxınlığında irimiqyaslı təlimlər keçirməsi, dövlət rəsmilərinin nifrət və hədə dolu çıxışları, Ermənistanla münasibətlərini gücləndirmək çabaları bunu göstərir. 2021-ci ildə İranın əyalət mollasının Azərbaycana qarşı təhqiramiz, təhdid xarakterli fikirlərindən sonra "ali dini lider" Ayətullah Əli Xameneinin İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxışı, İranın xarici işlər naziri Abdullahianın ölkənin televiziya kanallarından birinə müsahibəsində Azərbaycanı açıq şəkildə hədələməsi İran dövlətinin gərginliyi artırmaqda maraqlı olduğunu bir daha təsdiq etdi. İstər İranın ayrı-ayrı siyasilərinin, istərsə də dini təşkilatlarının təmsilçilərinin fikirlərində Azərbaycana qarşı hədə-qorxu motivi açıq-aydın görünür. 2021-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İranın Azərbaycana qarşı düşmən mövqeyindən söz açaraq demişdir: "Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik… Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin… Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".

2020-ci ildə İranın Ermənistana hərbi yardımlarına baxmayaraq, Azərbaycan 44 gün ərzində Ermənistanın hərbi qüvvələrini darmadağın etdi. İkinci Qarabağ müharibəsi dövründə İranın Ermənistana yardım etməsi tək Azərbaycanın yox, bütövlükdə İslam dünyasının düşməni olduğunu ortaya qoydu. İranın müqəddəs məscidlərdə donuz saxlayan Ermənistana olan sevgisi bunu bir daha təsdiq edir. İran hər zaman Azərbaycanı özünə potensial təhlükə olaraq görüb. İran ordusu güclü ordularından hesab olunsa da, müharibə təkcə ordu ilə qazanılmır. Müharibə etmək üçün təkcə orduya yox, eyni zamanda güclü siyasi və iqtisadi əlaqələrə də sahib olmaq lazımdır. İran isə ABŞ və Qərb ölkələri tərəfindən iqtisadi sanksiyalara məruz qalır və etiraf etməsə də iqtisadiyyatı çökmək üzrədir. Cənub qonşumuzun bu iqtisadiyyat ilə hansısa ölkəyə müharibə elan etməsi yalnız özü üçün ağır nəticələr doğurar. Bundan əlavə, İran ordusunda azərbaycanlıların sayının çoxluğu faktoru da mövcuddur. Belə olan halda, İran öz gələcəyini düşünməyə məcburdur. Azərbaycana müharibə elan etməklə İran 40 milyona yaxın azərbaycanlının ayağa qalxmasını gözə ala bilməz.

Prezident İlham Əliyev beynəlxalq kürsülərdə həmişə heç kimdən, heç nədən çəkinmədən cəsarətli çıxışları, vətən təəssübkeşliyi ilə diqqət çəkib. Ölkə başçısı 2021-ci il oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı qətiyyətli çıxışı ilə həm də İranla bağlı məsələlərə açıq və birmənalı mövqe ortaya qoyan Prezident çıxışında açıq-aydın ermənipərəst siyasət yürüdən İranın əsl simasını əks etdirən bəyanatlar vermiş, Azərbaycanın Ermənistan sərhədinin 132 kilometrlik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutun qarşısını aldığını qeyd etmişdi. Təsadüfi deyil ki, cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərimizdən Avropaya narkotrafik məqsədilə istifadə edib.

Bu il yanvarın 23-də Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunu şiddətlə qınadı və İran səfiri Azərbaycan XİN-ə çağırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində İranın Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı demişdir: "Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi… Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik."

Bu gün Azərbaycanın beynəlxalq aləmdə imzasının olması isə onun qüdrətini, artan nüfuzunu sübut edir. 30 il davam edən işğala, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Azərbaycana qarşı sərgilədiyi düşmən mövqeyi isə sadəcə İranın məğlubiyyəti ilə sonlanacaq. İran unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa və istənilən təxribata lazımi cavab vermək gücünə qadirdir.

Nəzrin CAVADZADƏ,

"Respublika".