İŞĞALDAN AZAD OLUNMUŞ SU ANBARLARIMIZ BOL MƏHSULA STİMUL VERƏCƏK
Region

İŞĞALDAN AZAD OLUNMUŞ SU ANBARLARIMIZ BOL MƏHSULA STİMUL VERƏCƏK

Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, ixracyönümlü məhsulların istehsalının artırılması üçün artıq Azərbaycanda mövcud bol su mənbələrindən səmərəli istifadədə və meliorasiya və su təsərrüfatı sahəsində reallaşan yeni infrastruktur layihələrinin önəmi olduqca böyükdür. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən Sərsəng və Suqovuşan su anbarlarının işğaldan azad olunması nəticəsində bol su mənbələri öz real həllini tapmışdır. Su anbarından buraxılan suların nizamlanması ilə Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunması geniş imkanlara yol açmışdır.

Bu haqda ətraflı məlumat almaq üçün Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı İlqar Məhərrəmovla həmsöhbət olduq. O qeyd etdi ki, torpaqlarımızın 30 illik işğalı müddətində düşmən sadəcə insanları deyil, təbiəti də hədəfə almış, kifayət qədər ziyan vurmuşdur. Ermənistan uzun illər Azərbaycana qarşı ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla düşmənçiliyini açıq-aydın bildirmişdir. Ərazilərimizdə olan təbii sərvətləri talan edib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla ümumilikdə 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar işğalçı tərəfindən qanunsuz istismara məruz qalmışdır. Otuz ili əhatə edən işğal dövründə artıq tarixin zibilliyinə atılmış Qarabağdakı separatçı rejim Sərsəng Su Anbarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmişdir. Halbuki Sərsəng və Suqovuşan su anbarları 1970-ci illərdə ulu öndər Heydər Əliyevin səyi və təşəbbüsü nəticəsində ərsəyə gəlmişdir. Çünki Azərbaycanın əsas aqrar zonalarından olan Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və başqa rayonlarında suvarmanın aparılmasının təminat açarı buradan başlayırdı. Bu nəhəng anbarların sayəsində Azərbaycanın kənd təsərrüfatında iri addımlar atılmışdır. Qəsbkar, işğalçı erməni vandalları tərəfindən Sərsəng Su Anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınmışdı.

Bu gün sevindirici haldır ki, ordumuzun sentyabrın 20-də başa çatdırdığı 23 saatlıq unikal antiterror tədbirləri nəticəsində Sərsəng Su Anbarı da 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın nəzarətinə keçdi və onun istismarını bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. Su anbarının Azərbaycanın nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayır. Bu infrastrukturdan ötürülən su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə və Goranboy rayonlarının, ümumilikdə, yüz min hektara yaxın əkin sahəsinin suvarma suyuna tələbatı təmin olunur. Anbarın üzərində 50 meqavat gücündə su elektrik stansiyası da var. Bu isə o deməkdir ki, infrastrukturdan təkcə suvarma üçün deyil, həm də elektrik enerjisinin alınmasında istifadə edilir. Göründüyü kimi su layihələrinin reallaşdırılması həm Qarabağa həm də aran rayonlarına həyat verir. Ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz dövlət başçısının diqqəti və qayğısı sayəsində Azərbaycanda genişmiqyaslı suvarma kanalları, kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yüksək səviyyədə yerinə yetirilmiş, yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş, yeni subartezian quyuları qazılaraq istifadəyə verilmişdir.

Qərb bölgəsində yerləşən Şəmkirçay Su Anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bununla da Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib. Bu isə əhalinin rifah halının gündən-günə yüksəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi ardıcıl siyasətin bir göstəricisidir.

Bu gün Tərtər kanalı vasitəsilə Goranboy rayonunun 9 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur. Belə ki, Goranboy rayonundakı Əlirzalı, Safkürd, Xanqərvənd, Yeni yol, Balakürd, Ayvazallılar kəndləri və Qızılhacılı qəsəbəsi bu kanaldan bəhrələnirlər. Həmçinin bu ərazilərə öz axını ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olub. Hazırda rayonun 66500 hektar əkin sahələrinə 338850 min kubmetr su verilmiş, nəticədə bu sahələrin 3,4 dəfə suvarılması təmin edilmişdir. 42043 min kubmetr təbii su mənbələrindən, 22961 min kubmetr nasos stansiyaları vasitəsilə, 204334 min kubmetr subartezian quyuları vasitəsilə suvarılmışdır. Əkilmiş pambıq, taxıl, yem bitkiləri, həyətyanı sahələr, bostan, biçənək, çoxillik bağ, xəsil arpa, günəbaxan, qarğıdalı, çuğundur, tütün plantasiyaları bol su ilə təmin olmuş, bol məhsulun istehsalına nail olunmuşdur. Bu sahələrin su ilə təminatı üçün 958 ədəd subartezian quyusundan, 16 ədəd nasos stansiyasından və ümumi uzunluğu 2019 km olan suvarma kanallarından istifadə olunmuşdur. Bu qurğuların daimi saz vəziyyətdə işləməsi üçün 576 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 48 ədəd təzə nasos alınaraq quyulara quraşdırılmışdır.

Tam əminliklə demək olar ki, bu tədbirlərin həyata keçirilməsi nəticəsində suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi də daxil olmaqla ölkə əhalisinin daxili istehsal hesabına çörək və digər ərzaq məhsulları ilə etibarlı təminatına real imkan yaranacaq.

Zabit XƏLİLOV,

"Respublika".